Çinin ən yeni nüvə sualtı qayığı Uhan yaxınlığında batıb

Ən yeni nüvə sualtı qayığı Uhan şəhəri yaxınlığındakı gəmiqayırma zavodunda batıb...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti mənbələrə istinadən məlumat yayıb. Oxşar məlumatı adı açıqlanmayan Amerika hərbi rəsmisinə istinad edən Reuters, AFP və AP Agentlikləri də yayımlayıb. Çin hakimiyyəti baş verən fövqəladə vəziyyəti gizlətməyə çalışıb.

WSJ-nin məlumatına görə, hadisə mayın sonu - iyunun əvvəllərində baş verib. Çin Dövlət Gəmiqayırma Korporasiyası tərəfindən inşa edilən “Çjou” sinifli sualtı qayığı Wuachang tərsanəsində batıb. Bu, Çin ordusunun tabeliyində olan bu tipli ilk sualtı qayıq olub.

Məlumatda qeyd olunur ki, sualtı qayıq sonuncu dəfə may ayının sonunda Yantszı çayında görünüb. Peyk görüntülərinə görə, sualtı qayığı çayın dibindən çıxarmaq üçün iyunun əvvəlində batdığı ehtimal olunan yerə kranlar göndərilib.

Fövqəladə vəziyyətin nədən yarandığı məlum deyil. WSJ-nin həmsöhbətləri sualtı qayığın nüvə yanacağı daşıdığını istisna etmirlər. Ölənlər barədə məlumat yoxdur.

Poliqon.info