İlon Maskın X sosial şəbəkəsi Braziliyada bloku aşa bilib

Əvvəllər Twitter kimi tanınan X sosial media platforması məhkəmə qərarı ilə bloklandığı Braziliyada sentyabrın 18-də bir çox istifadəçi üçün yenidən əlçatan olub...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Sosial şəbəkə yeniləndikdən sonra Braziliyadakı blokdan yan keçə bilib. Yeni plaginlər Braziliya Ali Məhkəməsi tərəfindən qoyulmuş bloklamadan yan keçməyə imkan verib.

Xatırladaq ki, avqustun 17-də X sosial şəbəkəsi Braziliyada qanuni təmsilçiliyini bağladığını elan edib. Bu qərar senzura məsələləri ilə bağlı ölkənin Ali Məhkəməsinin hakimləri ilə münaqişənin nəticəsi olub.

Avqustun 29-da Braziliya Federal Ali Məhkəməsinin hakimi Alexandri de Morais X-in sahibi İlon Maska 24 saat ərzində ölkədə platformanın yeni qanuni nümayəndəsinin təyin edilməsi barədə qərar verib. Lakin Mask bu tələbləri yerinə yetirməkdən imtina edib.

Avqustun 30-da Braziliyanın Ali Məhkəməsi ölkədə sosial şəbəkənin dərhal bağlanmasına qərar verib. Bundan sonra Braziliyada minlərlə insan hakim Alexandri de Moraisin sosial şəbəkəni bloklamaq qərarına etiraz etmək üçün küçələrə çıxıb.

Poliqon.info