Hindistan ABŞ-ın tələbindən imtina edib, RT-yə sanksiya tətbiq etməyib

Hindistan Xarici İşlər Nazirliyi ABŞ rəsmilərinin müraciətlərinə baxmayaraq, Rusiya mediasına, xüsusən də RT telekanalına qarşı sanksiyalar tətbiq etməkdən imtina edib...

Poliqon xəbər verir ki, bu barədə "Hindu" qəzeti mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, ABŞ rəsmiləri nazirliyin nümayəndələri ilə xarici nümayəndəliklər haqqında qanuna uyğun olaraq akkreditasiyaları ləğv etməklə və rusiyalı jurnalistləri siyahıya salmaqla sanksiyalara qoşulmaq barədə danışıblar. Mənbələr məsələnin son iki həftə ərzində müzakirə edildiyini təsdiqləyiblər.

"Bu, onların hədəf almağa çalışdıqları Qlobal Cənub tərəfindən ikili standartlar kimi qiymətləndiriləcək. Hindistan açıq-aydın Amerikanın bu cür təzyiqlərinə cavab verməyəcək", deyə Hindistanın Rusiyadakı keçmiş səfiri Kanval Sibal nəşrə bildirib.

Sentyabrın 4-də ABŞ Maliyyə Nazirliyi Rossiya Seqodnya media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyana, eləcə də onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb. Onlardan əlavə, RT xəbərlər yayımının rəhbəri Andrey Kiyaşko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və telekanalın bir sıra digər əməkdaşları qara siyahıya salınıb.

ABŞ Dövlət Departamenti Rossiya Seqodnya media qrupu və onun törəmə şirkətlərinin statuslarını "xarici missiyalar" kimi müəyyən edərək, onların iş şəraitini sərtləşdirib. Xarici Nümayəndəlik Aktı ilə tələb olunduğu kimi, onlardan ABŞ-ın işçi heyəti və əmlakı barədə agentliyi xəbərdar etmələri tələb olunacaq.

ABŞ səlahiyyətliləri həmçinin Kreml tərəfindən dəstəklənən media qurumları adından hərəkət etdiyi iddia edilən şəxslərə viza verilməsini məhdudlaşdıran yeni siyasət elan edib. Bununla belə, Dövlət Departamenti viza məhdudiyyətlərinin konkret olaraq kimin təsirləndiyini açıqlamaqdan imtina edib. Yeni sanksiyaları şərh edən Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib ki, sanksiyalar ayrı-ayrı rusiyalı jurnalistlərə qarşı deyil, qanunsuz fəaliyyətlə məşğul olan məhdudiyyətlərə məruz qalan təşkilatların əməkdaşlarına qarşı yönəlib.

Poliqon.info