Tramp ABŞ hüquq-mühafizə orqanlarına təşəkkür edib

Tramp Floridada sui-qəsd cəhdindən sonra Amerika hüquq-mühafizə orqanlarına onun təhlükəsizliyini qoruduqları üçün təşəkkür edib...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridada qolf oynayarkən ona qarşı sui-qəsddən sonra ABŞ Məxfi Xidmətinə, eləcə də yerli hüquq-mühafizə orqanlarına təşəkkür edib.

Poliqon xəbər verir ki, sabiq prezident bu barədə özünə məxsus “Truth social” şəbəkəsində yazıb.

“Ən əsası, mən ABŞ-ın Məxfi Xidmətinə, Şerif Rik Bredşova və onun cəsur və fədakar vətənpərvərlər komandasına, eləcə də bütün hüquq-mühafizə sisteminə inanılmaz işə görə təşəkkür etmək istəyirəm”, deyə Tramp qeyd edib.

Trampın sözlərinə görə, Amerika hüquq-mühafizə orqanları əla iş görüb.

Qeyd edək ki, Floridada Donald Trampın qolf klubunda atışma baş verib. Tramp özü xəsarət almayıb. FTB hadisəni Trampa sui-qəsd cəhdi kimi araşdırır. Şübhəli şəxs saxlanılıb. Amerika mediası xəbər verir ki, bu, demokratları və Ukraynanı dəstəkləyən Havaydan olan 58 yaşlı Rayan Uesli Rautdur. Bu hadisə Pensilvaniyada Trampa sui-qəsddən iki ay sonra baş verib.

Poliqon.info