Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

Böyük Britaniya artıq Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli “Storm Shadow” raketlərindən zərbə endirmək üçün Ukraynaya yaşıl işıq yandırmaq qərarına gəlib...

Azər Qasımov: “Qərbin Ukraynaya Rusiya ərazilərini uzaq mənzilli raketlərlə vurması üçün razılıq verəcəyi məlum idi”.

“Rusiyanın qırmızı xətti çoxdan keçildiyi üçün hələlik əraziləri NATO silahları ilə vurulduqda Rusiyanın əvvəlkindən artıq cavab verəcəyi ehtimalı azdır. Sadəcə bu zərbələr zamanı baş verən dağıntı və insan tələfatı artıqca Rusiyanın ciddi cavab reaksiyası göstərəcəyi ehtimalı artacaq”.

Bu sözləri politoloq Azər Qasımov Böyük Britaniyanın Ukrayna üçün yandırdığı yaşıl işığı Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Böyük Britaniya artıq Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli “Storm Shadow” raketlərindən zərbə endirmək üçün Ukraynaya yaşıl işıq yandırmaq qərarına gəlib. Hələlik bu məsələyə ABŞ tam müsbət cavab verməsə də, prosesin gedişi belə deməyə əsas verir ki, növbəti addımda Vaşinqton da anoloji addım atacaq. Bu isə o deməkdir ki, Kiyev bundan sonra Rusiyanın ərazilərini Qərbdən aldığı silahlarla getdikcə daha intensiv şəkildə vurmağa başlayacaq. Moskva bu vəziyyətdə dəfələrlə ən yüksək səviyyələrdə Qərbə cavab verəcəklərini bəyan edib. Rusiya Prezidenti Vladimir Putin isə bir müddət əvvəl jurnalistlərə verdiyi açıqlamada bu addımın qlobal münaqişəyə səbəb ola biləcəyini də qeyd edib.

Rusiya ərazisi NATO silahları ilə vurulsa, Kreml nə edəcək? Rusiyanın NATO ölkələrinin ərazilərini vurmasına ehtimal vermək olar?

Rusiya-Ukrayna müharibəsinin indiki mərhələsini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Artıq demək olar ki, Ukrayna tam olaraq NATO silahları ilə Rusiya ilə geniş miqyaslı müharibə aparır”.

Moskvanın Ukraynanın onun ərazilərində mümkün qədər ciddi tələfatlar törətməsini gözləmədiyini proqnoz edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bundan sonra Rusiyanın Ukrayna və ya NATO ölkələrindən birinə nüvə zərbəsi endirməsi üçün hüquqi baza yaranacaq:

“Qərbin Ukraynaya Rusiya ərazilərini uzaq mənzilli raketlərlə vurması üçün razılıq verəcəyi məlum idi. Məsələ ondadır ki, Qərb koalisiyası Ukraynaya verdiyi silahların sayını artırdığı kimi onun təyinat və müxtəlifliyini də artırdı. Bununla yanaşı həmin silahların atəş məsafəsi də artırıldı. Silahların harda işlədilməsi məsələsi də tədricən dəyişdirildi. Əvvəl Ukrayna daxilində işlədilən silahlar sonra Rusiya sərhədlərindəki ordu birləşmələrini məhv etməyə, Krımın ərazisini vurmağa imkan verildisə, son mərhələ Rusiyanın dərinliklərində istifadə idi ki ona da icazə verildi.

Artıq demək olar ki, Ukrayna tam olaraq NATO silahları ilə Rusiya ilə geniş miqyaslı müharibə aparır. Bura F16 və Patriot HHM sistemlərini də əlavə etsək mənzərə tam aydın olur. Məsələ ondadır ki, vaxtı ilə Rusiya hələ Ukrayna ilə müharibə başlamamışdan çox öncələr sərhəddinə yaxın Patrot HHM sistemi yaxınlaşdığında “İskəndər” raket komplekslərini Kalininqrada aparırdı. Bu, Avropanın qorxudan tir-tir titrəməsinə səbəb olurdu. İndi isə Rusiya sərhəddində NATO-nun bütün silah sistemləri yığılıb və həmin silahlarla onsuz da Rusiya əraziləri vurulurdu, indi daha dərinlikləri vurulacaq. Buna ABŞ-ın hələlik icazə verməməsi də taktiki addımdır. Hər şeyi birdən etmək istəmirlər. Əvvəl İngiltərə və digərləri, sonra ABŞ.

Azər Qasımov: “Nüvə zərbəsinin hara endirilməsi ehtimalı böyük ölçüdə Ukraynanın qərb əraziləri, yəni NATO-ya yaxın əraziləri olacaq”.

Rusiyanın qırmızı xətti çoxdan keçildiyi üçün hələlik əraziləri NATO silahları ilə vurulduqda Rusiyanın əvvəlkindən artıq cavab verəcəyi ehtimalı azdır. Sadəcə bu zərbələr zamanı baş verən dağıntı və insan tələfatı artıqca Rusiyanın ciddi cavab reaksiyası göstərəcəyi ehtimalı artacaq. Əslində bu, belə də olacaq. Məsələ ondadır ki, Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək. Ona sadəcə bunun üçün arqument lazımdır.

Odur ki, Rusiya gözləyəcək ki, Ukrayna Rusiya ərazilərində mümkün qədər ciddi tələfatlar törətsin. Rusiyanın sonra Ukrayna və ya NATO ölkələrindən birinə nüvə zərbəsi endirməsi üçün hüquqi baza yaranacaq. Nüvə zərbəsinin hara endirilməsi ehtimalı böyük ölçüdə Ukraynanın qərb əraziləri, yəni NATO-ya yaxın əraziləri olacaq. Bundan sonra dünya hadisələrin gedişini həyəcanla izləyəcək. Amma bu, olmaya da bilər. Rusiya Ukrayna ərazisində ciddi nəticələr əldə etsə, istədiyi əraziləri ələ keçirsə və ABŞ-da hakimiyyətə Tramp gəlsə, müharibənin gedişatı dəyişəcək”.

Nərminə UMUDLU Poliqon.info