Çörçillin Kanada otelindən oğurlanan portreti İtaliyada tapılıb

Daha bir səs-küylü sənət əsəri oğurlanması faktının üstü açılıb...

Poliqon The Guardian nəşrinə istinadən xəbər verir ki, Kanadanın paytaxtı Ottavada oteldən oğurlanmış Uinston Çörçillin məşhur portreti İtaliyada tapılıb və oğru tutulub. Bu barədə polisdən bildirilib.

Böyük Britaniyanın keçmiş baş nazirinin portretini Ottavadakı "Fairmont Chateau Laurier" otelinə erməni əsilli kanadalı fotoqraf Yusuf Karş hədiyyə edib.

Əsər 1941-ci ildə liderin Kanada parlamentindəki çıxışından sonra Karş tərəfindən hazırlanıb və II Dünya müharibəsində Britaniyanın itaətsizliyinin simvolu olub.

2022-ci ilin avqustunda otel işçiləri əsas foyenin kənarındakı oxu zalında asılmış fotonun saxta ilə əvəz olunduğunu görüb. İki il sonra Ottava polisi günahkarı - Ottavadan 370 kilometr qərbdə yaşayan 43 yaşlı kişini müəyyən etmək üçün ictimaiyyətin məlumatlarından və məhkəmə-tibbi sübutlardan istifadə etdiklərini bildirib. Portretin isə özü İtaliyanın Cenoa şəhərində tapılıb.

"Portret Londonda hərrac evi vasitəsilə italiyalı bir alıcıya satılıb, hər ikisi rəsmin oğurlandığından xəbərsiz olublar", deyə polisin açıqlamasında bildirilir.

Şübhəli şəxs tutularaq oğurluq, saxta sənədlər hazırlamaq və oğurlanmış malların qanunsuz dövriyyəsi maddələri ilə ittiham olunub. Önümüzdəki həftələrdə sənət əsəri otelə qaytarılacaq və burada yenidən qonaqlar üçün nümayiş etdirilməsi planlaşdırılır.

Poliqon.info