Zelenski Ukraynanın Rusiyada vurmaq istədikləri hədəfləri Blinkenə təqdim edib

Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ dövlət katibi Entoni Blinkenin görüş zamanı Amerikanın uzaqmənzilli raketlərindən Rusiya ərazisinə dərin zərbələr endirmək məsələsi ilə bağlı heç bir qərar qəbul etməyiblər...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın ABC News telekanalına Ukrayna prezidentinin adı açıqlanmayan müşaviri məlumat verib.

Eyni zamanda Zelenski Ukraynanın raket zərbələri endirmək istədiyi hədəflərin siyahısını təqdim edib.

ABŞ dövlət katibi Ukrayna prezidenti ilə sentyabrın 11-də Kiyevdə keçirilən Krım Platformasının sammiti çərçivəsində görüşüb. ABC News xəbər verir ki, Zelenski ABŞ dövlət katibinə Rusiya ərazilərinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə ilə bağlı "müfəssəl plan"ı təhvil verib, həmçinin potensial hədəflərin siyahısını təqdim edib.

Blinken vurğulayıb ki, Vaşinqton hələ də Ukraynanı uğur üçün lazım olan hər şeylə təmin etməkdə qərarlıdır, lakin Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazilərinin dərinliklərinə raket zərbələri endirməsi məsələsi ilə bağlı razılaşmaya dair heç bir açıqlama verilməyib.

Krım Sammitində Zelenski Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə də görüşüb. "The Guardian" qəzetinin yazdığına görə, britaniyalı nazir və Ukrayna prezidenti arasında keçirilən görüşün nəticəsi Ukraynanın "Storm Shadow" raketlərindən istifadə etməklə Rusiya Federasiyasındakı hədəflərə zərbə endirməsinə icazə verilməsi olub. Böyük Britaniya hökumətindən bu qərarla bağlı heç bir rəsmi açıqlama verilməyib.

"Axios" sentyabrın 10-da yazıb ki, cənab Blinken sentyabrın 11-də Kiyevdə keçiriləcək görüşdə Ukrayna Silahlı Qüvvələrinin Rusiyanı uzaqmənzilli ATACMS raketləri ilə vurmağa icazə verəcəyini elan edə bilər. Sentyabrın 11-də ABŞ prezidenti Co Bayden təsdiqləyib ki, ölkə Rusiya Federasiyasının dərinliklərində hücumlara qoyulan məhdudiyyətlərin aradan qaldırılması məsələsi üzərində işləyir.

Poliqon.info