Bakı Şəhər Halqası Azərbaycan Qran-prisi üçün son hazırlıqlarını tamamlayır

Bakı Şəhər Halqası "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün sonuncu hazırlıqlarını tamamlayır...

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, əvvəlki illərdən fərqli olaraq azarkeşlər bu il "Formula 1"in dünyaca məşhur bütün əyləncəli aktivasiyalarını Bulvar ərazisində görə biləcəklər.

Ən populyar aktivasiyalardan biri “Pit Stop Challenge”dir. Burada fanatlar bolidin təkərlərini mümkün olan ən qısa zamanda dəyişməyə çalışırlar. Günün ən sürətli komandası mükafatlar, o cümlədən imzalı əşyalar və paddok turu qazanmaq şansı əldə edəcək.

Hər il olduğu kimi Dənizkənarı Bulvar ərazisində yerləşən azarkeş zonasında Fan Forum keçiriləcək. Burada səhnənin qarşısında təşkil olunan sessiyada dünya şöhrətli F1 pilotları avtoidman həvəskarları ilə görüşəcək. Komandalar üçün ayrılmış vaxt ərzində azarkeşlər F1 ulduzlarına öz suallarını verib, onlardan avtoqraf alıb və şəkil çəkdirmək imkanı əldə edəcəklər.

Fərqli texnoloji təcrübələri sevənlər üçün isə “Giant Helmet” çox maraqlı olacaq. Fanatlar nəhəng F1 dəbilqəsinin köməyi ilə virtual reallıqda öz sürücü dəbilqələrini dizayn edəcək və bu unikal təcrübəni sosial mediada paylaşa biləcəklər.

“Ninja əngəl zolağı” fiziki aktivlik axtaranlar üçün idealdır. Hər yaş üçün uyğun olan bu zolaqda fanatlar müxtəlif maneələri dəf edərək əylənəcəklər. "Formula 1" yarışlarının həyəcanı ilə sirkin möcüzəsi bir araya gəlir. Yarış həftəsində akrobatlardan illüziya ustalarına qədər valehedici çıxışlarla dolu möhtəşəm sirk ab-havası yaşanacaq.

Əyləncənin ekstrimal tərəfi isə motosikletçilərin sürət və cazibə qanunlarını pozaraq nəhəng qlobusda 70 km/saat sürətlə yarışmasıdır. Onların təhlükəli döngələri sizə adrenalin dolu anlar yaşadacaq.

Bakı Şəhər Halqası kiçik qonaqları da unutmayıb. Bulvar ərazisində uşaqlar üçün xüsusi əyləncə nöqtələri mövcuddur. Bundan başqa, milli rəqslər, nağara şoular, retro avtomobillərin sərgisi, müxtəlif foto zonalar, həmçinin kiçik konsertlər kimi əyləncələr də burada yer alacaq.

Bu il yarış həftəsonu Kristal zalında təşkil olunacaq dünya ulduzlarının konsertləri ilə davam edəcək. Sentyabrın 13-də dünya şöhrətli aktyor və musiqi ulduzu Uill Smit öz unikal musiqi proqramı ilə səhnədə fanatları əyləndirəcək. Eyni axşam yarış həvəskarlarını Cənubi Afrikanın məşhur DJ-i və prodüseri “Black Coffee”nin ritmik və enerjili performansı gözləyir. Sentyabrın 14-də isə dünya musiqisinin parlaq ulduzu J Balvin Bakı səhnəsində avtoidman həvəskarlarına möhtəşəm gecə yaşadacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında baş tutacaq.

Poliqon.info