Starmer Baydenlə Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsini müzakirə edəcək

Böyük Britaniyanın baş naziri ABŞ prezidenti Baydenlə Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinin dərinliklərində zərbələr endirmək icazəsini müzakirə edəcək...

Böyük Britaniyanın baş naziri Keir Starmer cümə günü, sentyabrın 13-də ABŞ prezidenti Co Baydenlə Ukrayna Silahlı Qüvvələrinə Kiyevə ötürülən uzaqmənzilli raketlərdən istifadə edərək, Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsinə icazə verilməsi imkanını müzakirə edəcək.

Poliqon xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Ukraynaya səfəri zamanı birgə mətbuat konfransında bildiriblər.

Qeyd edək ki, sentyabrın 11-də Blinken və Lammi Ukrayna lideri Vladimir Zelenski və digər rəsmi şəxslərlə görüşmək üçün Kiyevə gəliblər. ABŞ dövlət katibi Ukraynaya 700 milyon dollarlıq yeni yardım paketini açıqlayıb. Onun britaniyalı həmkarı həmçinin bildirib ki, London Kiyevə dəyəri 600 milyon funt sterlinqdən (təxminən 781 milyon dollar) çox olan yeni yardım paketi verəcək.

Blinken Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verilməsi ilə bağlı Ukrayna tərəfi ilə danışıqlar apardığını, lakin qərarın hələ verilmədiyini bildirib. ABŞ dövlət katibi danışıqların nəticələrini ABŞ prezidenti Co Baydenə çatdıracağına qeyd edib. Eyni zamanda, “The Guardian” mənbələrə istinadən yazır ki, Böyük Britaniya Kiyevə Rusiyadakı hədəflərə qarşı “Storm Shadow” raketlərindən istifadə etməyə icazə vermək qərarına gəlib.

Poliqon.info