İsrailin Qəzzadakı qaçqın düşərgəsinə hücumu nəticəsində 18 nəfər ölüb

İsrailin Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat fələstinli qaçqın düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində azı 18 nəfər ölüb, ən azı 44 nəfər yaralanıb...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Ölənlər arasında Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) altı əməkdaşının da olduğu bildirilir.

Qeyd edək ki, bir gün əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) keçmiş “Əl-Cauni” məktəbinin binasına zərbə endirilməsi barədə məlumat vermişdi. İDF-nin məlumatına görə, orada HƏMAS hərəkatının silahlı qanadından olan fələstinli radikallar olub. İsrail ordusunun məlumatına görə, məktəb binası yaraqlılar tərəfindən İDF-nin qoşunlarına qarşı terror hücumları planlaşdırmaq və həyata keçirmək üçün istifadə edilib.

UNRWA bir insidentdə ən çox əməkdaşının həlak olduğunu açıqlayıb. Onlardan biri qaçqınların qəbulu mərkəzinin müdiri olub. UNRWA-nın CNN-in istinad etdiyi hesablamalarına görə, təxminən 12 min fələstinli qaçqın “Əl-Cauni” məktəbinə sığınıb.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, sentyabrın 10-da İsrail Qəzzanın cənubunda fələstinli qaçqınların yaşadığı çadır düşərgəsinə hücum edib. Telekanalın məlumatına görə, zərbə nəticəsində 40 nəfər ölüb, 60 nəfər yaralanıb.

Poliqon.info