Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Rusiyanın Ukrayna ilə müharibəsi dünyanın ən böyük uran istehsalçısının Qərbə tədarükünü davam etdirməsini çətinləşdirir, çünki Moskvanın Pekinlə əməkdaşlığı güclənir...

Poliqon xəbər verir ki, bu barədə Financial Times qəzetinə müsahibəsində Qazaxıstanın dövlət mədən şirkəti "Kazatomprom"un baş direktoru Meirjan Yusupov məlumat erib.

O bildirib ki, sanksiyalar Qərb şirkətlərinə tədarük üçün maneələr yaradır.

"Məhsullarımızın hamısını olmasa da, əksəriyyətini Asiya tərəfdaşlarına satmaq bizim üçün xeyli asandır. Konkret ölkənin adını çəkmək istəmirəm. Onlar demək olar ki, bütün məhsullarımızı ala bilərlər. Onlara satmaq çox asandır, amma biz bütün məhsullarınızl bir səbətə qoymaq istəmirik", deyə Yusupov bildirib.

75%-i dövlətə məxsus olan mədən şirkəti sanksiyalara görə materialların Sankt-Peterburqdan daha ucuz marşrutla çatdırılması artıq mümkün olmasa da, Amerika və Avropa da daxil olmaqla geniş müştərilərini saxlamaq istəyir. "Kazatomprom" Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə materialların çatdırılması üçün daha baha başa gələn alternativ marşrut yaratmağa çalışıb.

Qazaxıstan dünya uranın 43%-ni istehsal edir, lakin Rusiyanın Mərkəzi Asiyadakı qonşusu üzərində potensial təsiri Qərb xidmətləri və sənaye tərəfdaşları arasında artan narahatlığa səbəb olur.

"Rosatom" "Kazatomprom"un 14 yatağından beşində paya malikdir. Yusupovun sözlərinə görə, bu müqavilələrə əsasən, o, ölkədə istehsal olunan məhsulun həcminin 20 faizini alır. Problem Rusiya və Çinin bütün dünyada yeni atom elektrik stansiyalarının tikintisinə öncülük etməsi ilə daha da çətinləşir.

Yusupovun sözlərinə görə, iki ölkə arasında qarşılıqlı asılılıq neft-qaz sektorundan aşağı olduğundan, "Rosatom"un iştirak səviyyəsindən böyük narahatlıq yoxdur. Ancaq o, əlavə edib ki, narahatlıq var.

Ötən ay şirkət uranın hasilatı üçün lazım olan kükürd turşusu çatışmazlığını və yerüstü obyektlərin və infrastrukturun tikintisində gecikmələri əsas gətirərək, 2025-ci il üçün hasilat proqnozunu 17% azaldıb və 2026-cı il üçün proqnozunu dayandırıb.

Son illik hesabata görə, ötən il "Kazatomprom" uranın 49%-ni Asiya bazarına, 32%-ni Avropaya, 19%-ni isə ABŞ-a göndərib.

Prism Political Risk Management şirkətinin tərəfdaşı Çatsi Mullinson deyir ki, Qazaxıstan Qərb ölkələri ilə əlaqələrini məhdudlaşdırmaq üçün Rusiya və Çin tərəfindən artan təzyiq altındadır.

"Bu, xüsusilə qlobal təchizat zəncirində əsas rol oynayan uran üçün doğrudur. Rusiya Qazaxıstanın uran istehsalındakı payını artırıb, Qazaxıstan isə Çin bazarına getdikcə daha çox məhsul verir. Bu, uzunmüddətli perspektivdə Qərb bazarlarında nə qədər uranın olacağı ilə bağlı ciddi suallar yaradır".

Poliqon.info