“28 May” metrostansiyasında eskalator əsaslı təmirdən sonra istifadəyə verilib

"Bakı Metropoliteni" QSC-nin “28 May” stansiyasının ikinci çıxışındakı “ET-3M” tipli üç eskalatordan biri əsaslı təmirdən sonra istifadəyə verilib...

Poliqon bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

2010-cu ildən istismarda olan bu qurğular texniki tələblərə görə, 150 min km qaçış məsafəsini qət etdikdən sonra əsaslı təmirə dayandırılmalıdır.

İyun ayının əvvəlindən başlanmış əsaslı təmirlə əlaqədar eskalator qovşaq və hissələrinin təmiri üçün lazım olan mal-material, ehtiyat hissələri, tərtibat və alətlərlə təmin edilib. Təmir müddətində qaynaq işləri yalnız gecə növbəsində nəzarət altında yerinə yetirilib.

Təmir müddətində istismar müddəti başa çatmayan və yararlı hissələr təftiş edilməklə yenidən quraşdırılıb. Texniki şərtlərin tələblərinə görə, habelə dəyişdirilməsi zəruri olan hissə və qovşaqlar ölçü və standartlara uyğun yeniləri ilə əvəz olunub. Təmir başa çatdırıldıqdan sonra diaqnostik müayinələr aparılıb.

Qazan nəzarəti üzrə müfəttişliyin istismar tələblərinə və standartlara uyğunluğu qiymətləndirməsindən sonra nöqsan və qüsurlar olmadığı üçün eskalatorun istismara verilməsi ilə bağlı qərar qəbul edilib.

Bu tip eskalatorların istismar müddəti 40 ildir.

Poliqon.info