Ermənistanda rus dilinə yaşıl işıq... - Rusiyanın könlünü almaq istəyirlər?

Ermənistanın Tavuş vilayətində pulsuz rus dili kursları təklif edən iki yeni Rus Evi mərkəzi açılacaq...

Politoloq: “Ermənistanın Rusiya ilə münasibətləri soyuq olsa da, bəzən münasibətləri tamamilə qırmamaq üçün addımlar atılır”.

“Ermənistan rus dilinə yaşıl işıq yandırmaqla həm də pis vəziyyətdə olan münasibətləri bərpa etmək niyyətləri güdürlər”.

Bu sözləri politoloq İlyas Hüseynov Ermənistanda iki yeni Rus Evi mərkəzi açılacağını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, oktyabr ayında Ermənistanın Tavuş vilayətində pulsuz rus dili kursları təklif edən iki yeni Rus Evi mərkəzi açılacaq.

Demək olarmı ki, Ermənistan bəzi addımlar ataraq Rusiyanın könlünü almağa çalışır?

Rusiya-Ermənistan münasibətlərinin indiki mərhələsini Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Ermənistanın Tavuş vilayətində pulsuz rus dili kursları təklif edilməsi və yeni Rus Evi mərkəzinin açılışı da, onu deməyə əsas verir ki, bu bölgə Rusiyanın maraqlarının təminatı üçün şərait yaradılır”.

Ermənistanın Rusiyanın yumşaq mövqeyini rus dili vasitəsilə gücləndirdiyini qeyd edən politoloq vurğulayıb ki, həm də Rusiya bu bölgədə öz dominantlığını bir qədər də artırmaq niyyətindədir:

“Ermənistanın Rusiya ilə münasibətləri soyuq olsa da, bəzən münasibətləri tamamilə qırmamaq üçün addımlar atılır. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan müsahibəsi zamanı Rusiya əleyhinə fikirləri demək olar ki, səsləndirmədi. Tarixi yaxınlıq, münasibətlərin dərin kökləri, strateji tərəfdaşlıq haqqında müxtəlif elementlər Paşinyanın müsahibəsində yer aldı.

Bu xüsusda qeyd etməliyik ki, bir sıra münasibətləri yaxınlaşdırmaq üçün hərəkətlər də hiss olunmaqdadır. Ermənistanın Tavuş vilayətində pulsuz rus dili kursları təklif edilməsi və yeni Rus Evi mərkəzinin açılışı da, onu deməyə əsas verir ki, bu bölgə Rusiyanın maraqlarının təminatı üçün şərait yaradılır. Səhv etmirəmsə, İrəvanla yanaşı Gümrü şəhərində də Rus Evləri fəaliyyət göstərir. Mən xaricdə müxtəlif tədbirlərdə olarkən, erməni nümayəndələri məhz bu mərkəzləri təmsil edirdilər.

İlyas Hüseynov: “Nikol Paşinyanın əsas strateji məqsədi Avropa İnstitutları ilə yaxınlaşmaq olduğunu da qeyd etmək istəyirəm”.

Tavuş vilayəti strateji əhəmiyyətli bir ərazidir. Azərbaycanla sərhəddə şimal bölgəsində yerləşir. Burada qarşılıqlı maraqların özünü göstərməsi hiss olunur. Həm Ermənistan Rusiyanın yumşaq mövqeyini rus dili vasitəsilə gücləndirir, həm də Rusiya bu bölgədə öz dominantlığını bir qədər də artırmaq niyyətindədir.

Rus dili məsələ ilə bağlı xüsusi vurğulamaq istəyirəm ki, bu gün Rusiya-Ukrayna müharibəsi fonunda Polşada, Baltikyanı dövlətlərdə rus dilinə qatı məhdudiyyətlər tətbiq olunur. Açıq-aşkar şəkildə rus dili təqib olunmaqdadıe. Belə olan şəraitdə, Ermənistan rus dilinə yaşıl işıq yandırmaqla həm də pis vəziyyətdə olan münasibətləri bərpa etmək niyyətləri güdürlər. Amma əlbəttə ki, Nikol Paşinyanın əsas strateji məqsədi Avropa İnstitutları ilə yaxınlaşmaq olduğunu da qeyd etmək istəyirəm”.

Nərminə UMUDLU Poliqon.info