Politoloq: Hal-hazırda Ermənistan sülhə hazır deyil...

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh məsələsində 16 bəndin 13-nün razılaşdırıldığını vurğulayıb...

Oktay Qasımov: “Ermənistan tərəfindən sülhlə bağlı verilən açıqlamalar heç bir halda konstruktiv və səmimi sayıla bilməz”.

“Hal-hazırda Ermənistan üçün əsas məqsəd ondan ibarətdir ki, sülhlə bağlı görüntü yaratsın. Yəni beynəlxalq ictimaiyyətə guya Ermənistanın sülhü dəstəklədiyi görüntüsünü yaratmaq istəyirlər”.

Bu sözləri politoloq Oktay Qasımov Ermənistan Xarici İşlər Nazirliyinin sülhlə bağlı yaydığı xəbərləri Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh məsələsində 16 bəndin 13-nün razılaşdırıldığını vurğulayıb. Amma ötən həftələrdə Ermənistan Kəlbəcər və Naxçıvan istiqamətində provakasiyalar törətdilər. Yəni sülh prosesindən dəm vuran Paşinyan hökuməti Azərbaycan əleyhinə addımlar atmağa davam edir.

Bu baxımdan, Ermənistan hakimiyyəti sülhlə bağlı verdiyi açıqlamalarda səmimi ola bilər?

Ermənistanın yeni sülh “oyun”unu Poliqon-un əməkdaşı politoloq Oktay Qasımov ilə müzakirə edib.

Oktay Qasımov: “Bu daha çox Ermənistanın arxasında duran böyük dövlətlərin qərarlarına uyğun olaraq atılan təxribatçı addımlardır”.

Ermənistanın son illər ancaq sülhdən dən vurduğunu xatırladan politoloq bildirib ki, eyni zamanda da təxribatlar törədir:

“Ermənistan tərəfindən sülhlə bağlı verilən açıqlamalar heç bir halda konstruktiv və səmimi sayıla bilməz. Biz bu tip bəyanatlardan daha çox əməllərə diqqət yetirməliyik. Nəzərə alaq ki, Ermənistan son illər ancaq sülhdən dən vurub, amma eyni zamanda da təxribatlar törədir.

Bu baxımdan hesab etmirəm ki, Ermənistan hal-hazırda sülhə hazırdır və onu səmimi şəkildə istəyir. Hal-hazırda Ermənistan üçün əsas məqsəd ondan ibarətdir ki, sülhlə bağlı görüntü yaratsın. Yəni beynəlxalq ictimaiyyətə guya Ermənistanın sülhü dəstəklədiyi görüntüsünü yaratmaq istəyirlər. Amma bununla paralel təxribatlar apararaq, vəziyyəti gərgin saxlamaqla, surətlə silahlanmanı davam etdirməklə vaxt qazanıb hərbi balansa cəhd etmək və gələcək danışıqlarda öz əlini gücləndirmək məqsədi güdür.

Təbii ki, bu məsələlər Ermənistanın verə biləcəyi qərarlar deyil. Bu daha çox Ermənistanın arxasında duran böyük dövlətlərin qərarlarına uyğun olaraq atılan təxribatçı addımlardır”.

Nərminə UMUDLU Poliqon.info