Aİ Rusiyaya ballistik raketlər verən İranı hədələyib

Avropa İttifaqı İranın Rusiyaya ballistik raketlər verməsi barədə məlumat alıb...

Poliqon Deutsche Welle nəşrinə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin sözçüsü Peter Stano açıqlama verib.

"Biz müttəfiqlərin İranın ballistik raketlərinin Rusiyaya tədarükü ilə bağlı verdiyi məlumatları yoxladıq", deyə Peter Stano bildirib.

Diplomatik xidmət nümayəndəsinin qeyd etdiyi kimi, ballistik raketlərin tədarükü İranın Rusiyanın Ukraynaya qarşı qanunsuz işğalçı müharibəsinə dəstəyinin əhəmiyyətli dərəcədə artması demək olacaq.

"Aİ liderlərinin yekdil mövqeyi həmişə aydın olub. Brüssel tez və beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə, o cümlədən İrana qarşı yeni və əhəmiyyətli məhdudlaşdırıcı tədbirlərlə cavab verəcək", deyə Peter Stano bildirib.

Bu yaxınlarda kütləvi informasiya vasitələrində İranın Ukraynaya qarşı müharibə üçün Rusiyaya yeni silahlar ötürməyə hazırlaşdığı barədə xəbərlər getməyə başlayıb. Ötən gün The Wall Street Journal Moskvanın Tehrandan ballistik raketlər aldığını bildirib. Nəşr yazıb ki, ABŞ və Avropa İttifaqı İranı beynəlxalq səhnədə daha da təcrid edə biləcək belə bir addıma cavab olaraq yeni tədbirlər hazırlayır.

Raketlərin Rusiyaya ötürülməsini İran rəsmisi Əhməd Baxşayeş Ərdəstani də təsdiqləyib. Onun sözlərinə görə, İran müharibəyə birbaşa müdaxilə etmir, ehtiyaclarını ödəmək üçün Rusiyaya silah satır.

Poliqon.info