Ukrayna Gürcüstandakı müvəqqəti işlər vəkilini geri çağırıb

Ukrayna Xarici İşlər Nazirliyinin yeni rəhbəri Andrey Sibiqa ölkəsinin Gürcüstandakı müvəqqəti işlər vəkilinin geri çağırıldığını açıqlayıb...

Poliqon “Gazeta.ru” portalına istinadən xəbər verir ki, Gürcüstandakı Ukrayna səfirliyinin fəaliyyətinə Mixail Xarişin rəhbərlik edib. Sibiqa müvəqqəti işlər vəkilinin geri çağırılma səbəbini “müharibə şəraitində olan ölkədə diplomatiyanın reallıqlarını tam başa düşməməsi” ilə izah edib.

Nazir həmçinin Ukrayna səfirlərini və konsullarını mərkəzdən göstəriş gözləməməyə və “proaktiv mövqe” tutmağa çağırıb.

Xatırladaq ki, son zamanlar hakim “Gürcü arzusu” partiyasının nümayəndələri bir neçə dəfə Ukrayna əleyhinə bəyanatlar veriblər. Belə ki, ölkənin baş naziri və partiya sədri İrakli Kobaxidze Kiyevi səfirinin Tbilisidən geri çağırılması ilə bağlı “qeyri-dost qərara” yenidən baxmağa çağırıb. Bundan əlavə, “Gürcü arzusu” Qərbin, Ukraynanın və gürcü müxalifətinin Gürcüstanı Rusiyaya qarşı müharibəyə sürükləmək niyyətində olduğunu iddia edib, həmçinin Ukraynada döyüşmüş respublika vətəndaşlarının iştirakı ilə dövlət çevrilişi hazırladığını bəyan edib.

Poliqon.info