Suriyada İsrailin hücumları nəticəsində 5 nəfər ölüb

Həma əyalətindəki hədəflərə aviazərbələr nəticəsində 5 mülki şəxs ölüb, 19 nəfər yaralanıb...

Poliqon xəbər verir ki, bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA məlumat yayıb. Suriya Müdafiə Nazirliyinin məlumatına görə, İsrail hücumu Livanın hava məkanından həyata keçirib.

Məlumatda qeyd olunur ki, Suriyanın mərkəzi hissəsi hücuma məruz qaldı. Suriya Müdafiə Nazirliyi “Facebook” sosial şəbəkəsində məlumat yayıb ki, hava hücumundan müdafiə sistemləri öz hədəflərinə yaxınlaşan raketlərin bir qismini vurub. İsrail zərbə ilə bağlı şərh verməyib.

Xatırladaq ki, İsrail son aylarda Suriyaya dəfələrlə zərbələr endirib. Aprel ayında İranın Dəməşqdəki konsulluğuna hücum edilib və İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli üzvləri həlak olub. İyun ayında İsrailin hava zərbəsi 12 nəfərin həyatına son qoyub. İyul ayında Suriya prezidentinə yaxın olan iş adamı Baraa Katerji öldürülüb.

Poliqon.info