Ermənistanda 44 günlük müharibə ilə bağlı araşdırmanın nəticəsi gizli saxlanılacaq

Ermənistanda 44 günlük müharibənin şəraitini araşdıran komissiya öz işini başa çatdırıb və nəticəsi artıq hazırdır...

Poliqon xəbər verir ki, bunu komissiyanın rəhbəri Andranik Köçəryan Ermənistanın İctimai Telekanalına müsahibəsində bildirib.

Deputat əlavə edib ki, oktyabrda qapalı iclas çağırmaq üçün parlamentin spikeri Alen Simonyana məktub yazacaq və bu iclasda yüzlərlə səhifədən ibarət yekun rəy təqdim olunacaq, onun məxfiliyinin statusuna qərar veriləcək.

Köçəryan bildirib ki, qrup onun çıxışının mətni üzərində işləyir və bu, komissiyanın qeydə aldığı bütün faktları işıqlandıracaq.

"Niyə məğlub olduğumuzu göstərəcəyik, səbəblər fərqlidir və qeyd etmək mümkün olan hər şey nəticədə göstərilibsə, o zaman müvafiq orqanlar hansı mexanizmlərlə daha dərindən hərəkət edə bilər", deyə komissiya sədri bildirib.

Köçəryan əlavə edib ki, ictimaiyyət komissiyanın rəyi ilə qismən tanış ola biləcək, çünki orada çoxlu məxfi məlumatlar var. Çoxlu sənədlər təqdim olunub və öyrənilib.

Xatırladaq ki, komissiya 2022-ci ilin fevralında hakim çoxluğun (Mülki Müqavilə fraksiyası) təşəbbüsü ilə yaradılıb. Komissiyanın fəaliyyəti çərçivəsində deputatlar onun iclaslarına 2020-ci il müharibəsindən əvvəlki və sonrakı dövrdə ölkənin müdafiə və xarici siyasətinə məsul şəxsləri dəvət ediblər. 3 may 2023-cü il tarixində komissiyanın fəaliyyət müddəti uzadılıb.

Poliqon.info