Rusiya Azərbaycanı parlament seçkilərinin uğurlu təşkili münasibətilə təbrik edib

Rusiya parlament seçkilərinin uğurlu təşkili münasibətilə Azərbaycanı təbrik edib...

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən qeyd edilib ki, Rusiya Azərbaycan parlamentinin yeni tərkibi ilə konstruktiv qarşılıqlı fəaliyyətin davam etdiriləcəyini gözləyir.

“MDB və ŞƏT monitorinq missiyalarının qiymətləndirmələrinə görə, seçkilər şəffaf, etibarlı və demokratik, yerli qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilib. Rusiya tərəfinin ATƏT DTİHB vasitəsilə göndərdiyi müşahidəçilər vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması ilə bağlı heç bir fakt qeydə almayıblar.

Xalq iradəsinin ifadəsinin uğurlu təşkili münasibətilə azərbaycanlı dostlarımızı təbrik edirik. Bu seçkinin nəticələri Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasi kursa və sosial-iqtisadi islahatlara əhali arasında geniş dəstək olmasından xəbər verir”, - məlumatda deyilir.

Nazirlikdən Azərbaycan Milli Məclisinin deputat korpusunun yeni tərkibi ilə Rusiya Federal Məclisi arasında iki ölkə arasındakı müttəfiqlik münasibətlərinə uyğun sıx və konstruktiv qarşılıqlı fəaliyyətin davam etdirilməsinə ümid bəslənildiyi qeyd edilib.

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda Milli Məclisə (parlament) növbədənkənar seçkilər keçirilib.

Poliqon.info