Çin bankları rus soyadlı şəxslərdən pul qəbul etmir

Çin bankları Rusiya müştərilərinə qarşı yoxlamaları gücləndirib...

Bəzi Çin bankları sənədlərində rus adları və soyadları olan vəsaitlərin qəbulunu dayandırıb.

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti öz mənbələrinə və sahibkarlara istinadən məlumat yayıb.

Bazar iştirakçılarından birinin sözlərinə görə, rus adları daşıyan şəxslər üçün köçürmələrin həyata keçirilməsindən imtinaya görə idxalçılar üçüncü şəxslər vasitəsilə lazımi sənədlərin tam dəstini hazırlamağa məcbur olurlar. Bu, sahibkarlara Çin banklarının Rusiya ilə əlaqələrini göstərməməyə imkan verir.

Digər böyük şirkətin kommersiya direktoru əlavə edib ki, sanksiyalara məruz qalmayan rus soyadları, Rusiya ilə hər hansı əlaqə, hətta kiril əlifbası ilə yazılar Çin banklarının ödənişi ləğv etmək üçün əsas ola bilər.

Sənaye ekspertləri “İzvestiya”ya izah ediblər ki, Çin bankları ikinci dərəcəli sanksiyalardan qorxurlar. Ona görə də belə maliyyə təşkilatları Rusiya biznesi ilə münasibətlərdə “sıfır inam” deyilən strategiyaya keçib və özləri üçün mümkün təhlükəni aradan qaldırmağa çalışırlar.

Poliqon.info