İsraildə 6 girovun ölü tapılmasından sonra yarım milyon insan etiraz aksiyası keçirib

Qəzza zolağında 6 girovun cəsədinin tapılmasından sonra yüz minlərlə israilli ölkə boyu etiraz aksiyası keçirib...

Poliqon “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, Nümayişçilər ilə polis arasında toqquşma olub. Onlarla insan saxlanılıb, bəziləri isə yaralanıb.

Təşkilatçıların məlumatına görə, Təl-Əvivdə 300 min, digər şəhərlərdə isə daha 200 min insan küçələrə çıxıb. Crowd Solutions şirkətinin məlumatına görə, Təl-Əvivdəki nümayişdə 280 minə yaxın adam iştirak edib. Bu, son 18 ayın ən böyük etirazıdır.

Nümayişçilər İsrail hökumətindən və baş nazir Benyamin Netanyahudan qalan girovları evlərinə qaytarmaq üçün HƏMAS ilə barışıq bağlamağı tələb ediblər. Mitinqdə girovların yaxınları çıxış ediblər.

Razılaşdırılmış etiraz aksiyasından sonra minlərlə insan Ayalon şossesinə çıxaraq 3 saat ərzində nəqliyyatın hərəkətini dayandırıb. Bəziləri od yandırıb, yola hasarlar çəkib, daş və metal əşyalar qoyub. Polis bu aksiyanı qanunsuz elan edib və etirazçıları dağıtmaq üçün tədbirlər görüb. Su şırnaqları və səs-küylü qumbaraatanlardan istifadə edilib. Bir neçə nəfər yaralanıb. Təl-Əvivdə 30-a yaxın, Qüdsdə beş nəfər həbs edilib. Digər ərazilərdə də həbslər olub.

Poliqon.info