Ermənilərə silah hədiyyə edib, Azərbaycanda türk iş adamının kabusuna çevrilən fransızlar… - Foto

Son illərdə Azərbaycan və Fransa arasındakı münasibətlər gərginlik və qarşılıqlı ittihamlarla müşayiət olunur. Bu gərginliklər, xüsusilə Fransanın Cənubi Qafqazdakı fəaliyyətlərində özünü bariz şəkildə göstərir. Belə bir siyasi fonun bir Türk iş adamının məhkəməsinə təsir etməsi isə Azərbaycan cəmiyyətində və beynəlxalq səviyyədə ciddi müzakirə mövzusuna çevrilib...

Makrondan sonra “Thales”in şirkətinin əliylə Fransanın Ermənistana dəstəyi

Fransanın müdafiə sənayesi nəhəngi “Thales” şirkəti Ermənistanla bir sıra hərbi-texniki əməkdaşlıq çərçivəsində müasir silahlar və texnologiyalar təmin edir. “Thales” Ermənistan üçün GM200 taktiki hava müdafiə radarları və “Mistral” qısa mənzilli hava müdafiə sistemləri təchiz edir ki, bu da regiondakı hərbi balansı dəyişdirməyə yönəlmiş ciddi bir addımdır.

Mehmet Şahanın Məhkəməsi: Bir iş adamının mübarizəsi və ədalət axtarışı

Mehmet Şahanın Azərbaycanda keçirilən məhkəmə prosesi, yalnız hüquqi bir məsələ deyil, həm də bir iş adamının ədalət uğrunda apardığı mübarizəni əks etdirir. Fransız “THALES INTERNATIONAL”in Azərbaycandakı keçmiş rəhbəri olan Mehmet Şahan Fransa ilə Azərbaycan arasındakı münasibətlərin inkişafına öz sahəsi üzrə mühüm töhfələr vermişdir. Lakin Makron prezident olduqdan sonra “THALES”in rəhbərliyi dəyişdirilib və ermənipərəst şəxslər rəhbərliyə gətirilib. Bu yeni rəhbərlərin ilk icraatı Mehmet Şahanı Azərbaycandan uzaqlaşdırmaq cəhdi olub, lakin bu məqsədə nail ola bilmədikləri üçün Azərbaycandakı bəzi dostlarını istifadə edərək, Mehmet Şahanı cəzalandırmaq istəyiblər.

Mehmet Şahanın məhkəmə prosesi:

Mehmet Şahan “THALES INTERNATIONAL”in rəhbərliyindəki uğurlu fəaliyyətinə baxmayaraq, əsassız korrupsiya ittihamları ilə üzləşib. O, Azərbaycanda “THALES”in nümayəndəliyinə rəhbərlik edərkən şirkətin maraqlarını müdafiə edib və Azərbaycanda peşəkar səviyyədə işini davam etdirib. Ancaq bu məhkəmə prosesində onun qarşısına çıxarılan ittihamlar, gerçəkdən uzaq və ədalətsizdir. Azərbaycana qarşı olan çirkin əməllərinin bir nəticəsi olaraq bu Türk iş adamının cəzalandırılmasını istəyirlər.

Rəhbərlikdə dəyişikliklər və Mehmet Şahanın imtinası

Mehmet Şahan “THALES INTERNATIONAL”in digər ölkələrdəki nümayəndəliklərində iş təkliflərini rədd edərək, Azərbaycanla bağlı qaldı. Bu, onun peşəkar və şəxsi bağlılığını nümayiş etdirir. Təzyiqlər və Madridə aldadılaraq satış üçün təqdimat adı ilə dəvət edildiyi zaman, pasportu və digər sənədləri əlindən alındı. Daha sonra işdən çıxarıldığı bildirildi. Şirkətə aid olan bütün sənədlər ofisdə qaldı və Mehmet Şahanın artıq ofisə daxil olması qadağan olundu. Onun şəffaf işlədiyini sübut edən sənədlərin ofisdən itməsi isə daha da ciddi şübhələr doğurdu. Bakıda olan ofisə girişinə dərhal qadağa qoyulmasına və baş ofisdən dəfələrlə audit rəylərinin istənilməsinə baxmayaraq, bu günə qədər heç bir sənəd təqdim olunmadı. İttihamın əsaslandığı bütün yalançı şahidlərin məhkəmədə tam ziddiyyətli ifadələr verməsi də çox ciddi narahatlıq yardır.

Christophe Lanovsky və Herve Dammannın rolu:

Christophe Lanovsky “Thales International” SAS-ın Avrasiya üzrə vitse-prezidenti, şirkətin Ermənistanla əməkdaşlığında mühüm rol oynayır. Şirkət Ermənistan üçün hərbi texnika və radar sistemləri kimi əhəmiyyətli müdafiə vasitələri təmin edir. Bu əlaqələrin dərinləşməsi, Ermənistanın öz ordusunu gücləndirmək üçün “Thales” ilə bir neçə strateji müqavilə imzalaması ilə təsdiq olunur. Eyni zamanda, Herve Dammann “Thales Group”un Torpaq və Hava Sistemləri üzrə icraçı vitse-prezidenti olaraq, Ermənistanla birgə texnoloji və müdafiə layihələrində fəal iştirak edir. Hervé Dammann Ermənistan prezidenti Armen Sarkisyan ilə bir neçə dəfə görüşərək, “Thales”in Ermənistanda müasir texnologiyaların və elmi layihələrin inkişafı üçün birgə əməkdaşlığa hazır olduğunu ifadə edib. Bu qədər strateji işlərə vaxt ayıran Herve Dammannın, Mehmet Şahanın məhkəməsində ifadə verməkdən imtina etməsi isə ciddi narahatlıq yaradır. Baxmayaraq ki, ittiham aktı onun şahidliyinə əsaslanır. Bu, məhkəmənin obyektivliyinə ciddi şübhələr yaradır. Bu, Mehmet Şahanın haqlı olduğunu göstərmək üçün nə qədər gözləməli olacağına dair suallar yaradır və onun haqq səsini eşidilməsi üçün nə qədər daha çox zaman itirəcəyi barədə düşünməyə vadar edir.

Mehmet Şahanın haqsızlığa qarşı mübarizəsi

Artıq 2.5 ildir həbsdə olan Mehmet Şahan, öz hüquqlarını müdafiə etmək üçün mübarizə aparır. Onun günahsızlığına inanan tərəfdarları, bu məhkəmə prosesinin ədalətli və obyektiv olacağına ümid edirlər. Mehmet Şahanın məqsədi yalnız özünün deyil, həm də Azərbaycan məhkəmə sisteminin ədalətinə olan inamı bərpa etməkdir.

Milli Məclisin Bəyanatı

Azərbaycan Milli Məclisi, Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qərara cavab olaraq, Fransız firmalarının Azərbaycanda fəaliyyətlərinin dayandırılmasını və digər sanksiyaların tətbiq edilməsini təklif edib. Lakin bu bəyanata baxmayaraq, Fransız firmasının maraqlarını qorumaq məqsədilə Mehmet Şahanın hədəfə alındığı və bir Türk iş adamının qurban verildiyi ortaya çıxır.

Nəticə

Mehmet Şahanın məhkəməsi, yalnız onun taleyinə deyil, həm də iş adamlarının hüquqlarının qorunmasına dair bir nümunədir. Bu prosesin obyektiv şəkildə aparılması və ədalətin təmin edilməsi vacibdir. Bu, xüsusilə Azərbaycan məhkəmə sistemində aparılan yeni islahatları və müsbət dəyişiklikləri nəzərə alaraq, ölkədə hüquqi proseslərin daha obyektiv və ədalətli şəkildə həyata keçirildiyini göstərir. Bu proseslər, Azərbaycan məhkəmə sisteminin davamlı təkmilləşdirilməsi və qanunun aliliyinin qorunması istiqamətində mühüm addımlar atdığını bir daha təsdiq edir.

Bu məqalə, hazırda davam edən məhkəmə prosesinin gedişatını izləmək məqsədi daşıyır. Prosesin nəticələrinə əsasən, daha ətraflı təhlillər təqdim olunacaq.

Poliqon.info