Kamala Harrisin qonşularından maraqlı şərt: Evini satsa, ona səs verəcəklər

ABŞ prezidentliyinə namizəd Kamala Harrisin qonşuları ona səs vermək üçün maraqlı şərt irəli sürüblər...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri yazıb.

Qəzet qeyd edir ki, Los-Ancelesin qərbindəki Brentvud şəhər anklavındakı evini satarsa, qonşuları ona səs verməyə hazır olduqlarını bildiriblər.

Demokratlar Partiyasından prezidentliyə namizədin qonşuları onların küçəsinin daim bağlanmasından, eləcə də Kamala Harrisin ətrafında təhlükəsizlik tədbirləri ilə bağlı müntəzəm tıxaclardan qıcıqlanırlar.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Avqustun 23-də Kamala Harris namizədliyi rəsmən qəbul edib və iyulun 21-də Co Bayden yarışdan çıxdığını elan etdikdən sonra Demokratlar Partiyasından prezidentliyə namizəd olmağa razılıq verib. Respublikaçıların namizədi Donald Tramp onun əsas rəqibi olacaq.

The Economist jurnalı və YouGov ictimai rəyi araşdırma institutunun keçirdiyi son sorğuya əsasən Kamala Harris seçici dəstəyinə görə Donald Trampı qabaqlayır. Sorğu iştirakçılarının 47%-i prezident seçkilərində Demokratların, 45%-i isə Respublikaçıların namizədini dəstəkləməyə üstünlük verir. Digər 8% isə öz seçimini etməyib və ya səs verməyi planlaşdırmır.

Poliqon.info