Braziliya məhkəməsi İlon Maska 24 saat vaxt verib

Braziliya məhkəməsi X-in ölkədəki yeni nümayəndəsini təyin etmək üçün Maska 24 saat vaxt verib...

Braziliya Ali Məhkəməsinin hakimi Alexandre de Moraes, X-in sahibi İlon Maska 24 saat ərzində ölkədə sosial şəbəkənin yeni qanuni nümayəndəsini təyin etməsiylə bağlı qərar verib.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir. Əks halda Braziliya məhkəməsi sosial şəbəkəni ölkədə bloklamaqla hədələyib.

Agentliyin məlumatına görə, belə bir sərəncam amerikalı sahibkara dünən, avqustun 28-də yerli vaxtla saat 20:00-da verilib.

Qeyd edək ki, avqustun 17-də X Braziliyadakı ofisinin bağlandığını elan edib. Şirkətdən verilən məlumata görə, hakim Alexander de Moraes, X-in senzura məhdudiyyətlərinə razı olmadığı təqdirdə sosial şəbəkənin nümayəndələrindən birini gizli şəkildə həbslə hədələyib.

Eyni zamanda şirkət qeyd edib ki, xidmət ölkə sakinləri üçün əlçatan olaraq qalacaq. Sosial şəbəkənin mətbuat xidməti X-in hakim Aleksandr de Moraesin tələbləri ilə razılaşmadığını və onun vəsatətlərini söz azadlığının pozulması hesab etdiyini bildirib.

Xatırladaq ki, aprel ayında X sosial şəbəkəsinin sahibi İlon Mask Braziliyada bir sıra hesabların bloklanması ilə bağlı çoxsaylı məhkəmə qərarlarından danışıb. İş adamı bu tələbləri söz azadlığının pozulması hesab edərək məhkəmənin qərarlarını yerinə yetirməkdən imtina edib.

Poliqon.info