Yaponiyada “Şanşan” qasırğasının yaxınlaşması ilə əlaqədar yüzlərlə aviareys təxirə salınıb

Yaponiyanın ən böyük aviadaşıyıcıları “Şanşan” qasırğasının cənub-qərbdəki Kyuşu adasına yaxınlaşması ilə əlaqədar uçuşları ləğv edib...

Poliqon xəbər verir ki, bu barədə “Japan Today” qəzeti məlumat yayıb. Tədbirlər ilk növbədə Kyuşu adasındakı hava limanlarına təsir edəcək. Ölkənin dəmir yolu şirkətləri də mümkün ləğvlərlə bağlı xəbərdarlıq ediblər.

Yaponiya sinoptiklərinin fikrincə, tayfun Kyuşu adasının qərbindən şimal istiqamətində hərəkət edir və quruya çata bilər. Meteoroloqlar Kyuşu adasının bəzi hissələrində yağıntının intensivliyini sutkada 400-600 mm təşkil etdiyini bildiriblər. Tayfun zonasında küləyin sürəti 50-70 m/s-ə çata bilər.

Yaponiyanın təbii fəlakətlərin idarə olunması naziri Yosifumi Matsumura deyib ki, qasırğa görünməmiş güclü küləklər, yüksək dalğalar, tufan dalğaları və güclü yağışlar gətirə bilər. Miyazaki şəhəri də daxil olmaqla, adanın prefekturalarının bir hissəsində evakuasiya əmrləri verilib. Bu şəhərdə 400 minə yaxın insan yaşayır.

Poliqon.info