Netanyahu oğlunun təhlükəsizliyini gücləndirməyi xahiş edib

İsrailin baş naziri Benyamin Netanyahu Mayamidə yaşayan oğlu Yairin İranın hədəfinə çevrilə biləcəyi qorxusuna görə onun təhlükəsizliyinin artırılmasını istəyib...

Poliqon xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Netanyahu iyulun 31-də Tehranda Fələstin HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İranın xaricdəki israillilərə sui-qəsd cəhdi edə biləcəyi ilə bağlı xəbərlər fonunda Mayamidə yaşayan oğlunun təhlükəsizliyin artırılmasını istəyib. Yair Netanyahu 2023-cü ilin martından Mayamidə yaşayır.

Nəşr yazır ki, xüsusi xidmət orqanlarına müvafiq sorğu göndərilib. Eyni zamanda, adı açıqlanmayan təhlükəsizlik rəsmiləri İsrail Televiziyasının 12-ci kanalına müsahibəsində bildiriblər ki, xaricdə israillilərə verilən təhlükəsizlik səviyyəsi təhlükənin dərəcəsi, eləcə də vəziyyətin dövri qiymətləndirilməsi ilə müəyyən edilir. Onlar həmçinin qeyd ediblər ki, Yair Netanyahunun əhəmiyyətli təhlükələrlə üzləşdiyinə dair heç bir əlamət yoxdur və buna görə də İsrail Baş Təhlükəsizlik Xidməti onun təhlükəsizliyini artırmaq niyyətində deyil.

İsrail mediasında yayılan xəbərlərdən sonra Netanyahunun ofisi baş nazirin oğlunun təhlükəsizliyinin artırılması ilə bağlı hər hansı tələbi rədd edib.

Hazırda Netanyahunun oğlu Mayamidə iki İsrail kəşfiyyatçısı tərəfindən qorunur. Bundan əlavə, onun şəxsi sürücüsü var. Onun təhlükəsizliyini təmin etmək ayda 55 min dollara başa gəlir.

Poliqon.info