Makron “Yeni Xalq Cəbhəsi” alyansının baş nazirliyə namizədliyini rədd edib

Bazar ertəsi, avqustun 26-da Fransa prezidenti Emmanuel Makron parlamentdəki partiyaların liderləri və hər iki palatanın rəhbərləri ilə ilk məsləhətləşmələr keçirib...

Poliqon Euronews telekanalına istinadən xəbər verir ki, dövlət başçısı ilə görüşlərin iştirakçıları danışıqlardan sonra şərh verməkdən çəkiniblər.

Axşam Yelisey Sarayı məsləhətləşmələrdən sonra kommunike yayaraq, Makronun solçu hökumət variantını rədd etdiyini rəsmən təsdiqləyib.

Məsləhətləşmələrdən sonra prezident bəyan etdi ki“Yeni Xalq Cəbhəsi” nin yeganə proqramı əsasında hökumət dərhal digər parlament partiyaları tərəfindən etimadsızlıq səsverməsinə məruz qalacaq.

Beləliklə, “Yeni Xalq Cəbhəsi” solçu alyansının respublikanın baş naziri postuna təklif etdiyi namizəd keçməyib. Söhbət 37 yaşlı iqtisadçı Lüsi Kastedən gedir. Avqustun 27-də partiya nümayəndələri və təcrübəli siyasətçilər ilə məsləhətləşmələrin yeni mərhələsi başlayır.

Xatırladaq ki, ölkədə keçirilən parlament seçkilərində ifrat sağçılar rekord nəticə göstərsə də, yenə də onlara qarşı birləşən qüvvələrə, “Yeni Xalq Cəbhəsi” solçu koalisiyaya və mərkəzçi prezidentliyə uduzaraq üçüncü olub.

Poliqon.info