Modi və Bayden Ukraynadakı vəziyyəti müzakirə ediblər

ABŞ prezidenti Co Bayden Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı aparıb...

Poliqon xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Tərəflər Rusiya-Ukrayna münaqişəsini və Modinin Kiyevə səfərini müzakirə ediblər. Amerika prezidenti Hindistanın baş nazirinə Ukraynaya humanitar dəstəyə görə təşəkkür edib.

“Prezident Hindistanın baş nazirinin onilliklər ərzində ilk dəfə Polşa və Ukraynaya etdiyi tarixi səfərlərə, habelə Ukraynaya sülh və davamlı humanitar dəstək mesajına görə Baş nazirə təşəkkür edib”, deyə Ağ Evin açıqlamasında deyilir.

Narendra Modi də Co Baydenlə müxtəlif regional və qlobal məsələləri, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə edib.

“Biz Banqladeşdəki vəziyyəti də müzakirə etdik və normal həyatın tez bir zamanda bərpa olunmasının vacibliyini vurğuladıq”, deyə Hindistanın baş naziri X sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, avqustun 23-də Narendra Modi Kiyevə gəlib və Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb. Baş nazir Hindistanın Rusiya-Ukrayna münaqişəsinə son qoymağa töhfə verməyə hazır olduğunu açıqlayıb.

Poliqon.info