Şarl Mişel Körfəz ölkələrinə səfər edəcək

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Körfəz regionuna səfər edəcək...

APA xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfər avqustun 27-29-da baş tutacaq.

"Prezident Mişel 2024-cü il oktyabrın 16-da Brüsseldə keçiriləcək Avropa İttifaqı (Aİ) və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) arasında ilk dəfə keçiriləcək Zirvə görüşü ilə bağlı məsləhətləşmələr aparacaq. Yaxın Şərqdəki vəziyyət, Rusiyanın Ukraynaya qarşı müharibəsi və ikitərəfli əməkdaşlığın bütün müvafiq aspektləri müzakirə olunacaq", - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, Aİ Şurasının prezidenti Dohaya səfəri zamanı Körfəz Əməkdaşlıq Şurasının hazırkı sədrliyi vəzifəsində olan Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək.

Ər-Riyadda isə o, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi və baş naziri Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl-Səud ilə görüşəcək.

Prezident Ər-Riyadda olarkən Körfəz Əməkdaşlıq Şurasının baş katibi Yasem Al Budaivi ilə də görüşü planlaşdırılıb.

Poliqon.info