Durovun Fransada həbs müddəti uzadılıb

Fransa məhkəməsi Telegram messencerinin təsisçisi Pavel Durovun həbs müddətini 48 saat uzadıb...

Poliqon xəbər verir ki, bu barədə France Presse Agentliyi istintaqa yaxın mənbəyə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, həbs maksimum 96 saat davam edə bilər, bundan sonra hakim ya onu azad etməli, ya da istintaq Durova qarşı ittiham irəli sürməli olacaq.

Bloomberg Agentliyi həmçinin Telegram-ın qurucusunun həbsinin uzadılmasının mümkünlüyünü yazıb. Qeyd olunur ki, Fransa qanunlarına görə, həbs müddəti yalnız bir dəfə artırıla bilər.

Xatırladaq ki, Fransa hakimiyyəti Durovun işi ilə bağlı heç bir rəsmi şərh verməyib.

“Platformanın və ya onun sahibinin bu platformadan sui-istifadəyə görə məsuliyyət daşıdığını iddia etmək absurddur”, deyə bazar günü şərhində Telegram komandasının açıqlamasında vurğulanır. Həmçinin bildirilir ki, dünyada bir milyarda yaxın istifadəçi Telegram-dan ünsiyyət vasitəsi və mühüm məlumat mənbəyi kimi istifadə edir.

Xatırladaq ki, avqustun 24-ü axşam saatlarında Fransa mediası Telegram-ın qurucusu Pavel Durovun Fransaya çatan kimi Le Burje hava limanında saxlandığını bildirib. O, dindirilib və nəzarətə götürülüb.

Poliqon.info