FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib - Foto

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlim keçirilib...

ŞFHN-dən verilən məlumata görə, nazirliyin Baş əməliyyat idarəsi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan təlimin keçirilməsində məqsəd yarışlar zamanı baş verə biləcək yanğınların qarşısının alınması və onun fəsadlarının çevik şəkildə aradan qaldırılması üçün marşalların bacarıq və təcrübələrinin artırılması olub.

Nəzəri və praktiki hissələrdən ibarət təlimdə 200 nəfərə yaxın marşal iştirak edib ki, onlardan 68 nəfərini FHN-in peşəkar yanğınsöndürən və xilasediciləri təşkil edir.

Təlimin nəzəri hissəsində tədbir iştirakçılarına Bakı Şəhər Halqasının yanğınsöndürən marşallar komandası tərəfindən yanğın təhlükəsizliyi, mümkün belə hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində onların bacarıqlarının möhkəmləndirilməsi məqsədilə təqdimatlar edilib.

Praktiki hissədə isə FHN-in peşəkar yanğınsöndürən və xilasediciləri yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlarla davranış qaydaları əyani şəkildə izah olunub.

Cari ilin iyun ayından başlayan bu növ təlimlər artıq 5-ci dəfədir keçirilir.

Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi bu ilin 13-15 sentyabr tarixlərində paytaxt Bakıda keçiriləcək. Yarış müddətində Fövqəladə Hallar Nazirliyinin 30-dan çox xüsusi texnikası və 400 nəfərə yaxın canlı qüvvəsinin cəlb olunması nəzərdə tutulub.

##galery##

Poliqon.info