Ukraynanın Kurska hücumu Putinin nüfuzuna ağır zərbə vurub...

“FilterLabs AI” şirkətinin təhlilinə əsasən, Ukraynanın Kursk vilayətinə hücumu başladıqdan sonra sosial şəbəkələrdə Vladimir Putin və Rusiya hakimiyyəti haqqında daha çox mənfi şərhlər peyda olub...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti “FilterLabs AI” şirkətinin sosial şəbəkələrin Rusiya seqmentində şərhləri, eləcə də xəbər saytlarında dərc olunan nəşrləri təhlil edən araşdırmasına istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, bu, istənilən avtoritar ölkədə, o cümlədən Rusiyada ictimai rəyi öyrənmək üçün rəy sorğularından daha dəqiq üsuldur.

Şirkət həmçinin ötən il “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojinin silahlı üsyanından sonra Putinin fəaliyyəti ilə bağlı mənfi qiymətləndirmələrin artdığını qeyd edib. Lakin bu dəfə Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində hücuma başlamasından sonra rusların əhval-ruhiyyəsindəki dəyişikliklər daha da nəzərə çarpıb.

“Putinin işğala cavabı ən yaxşı halda yersiz, ən pis halda isə təhqiramiz idi”, deyə “FilterLabs” şirkətinin baş direktoru Conatan Teubner deyib.

“FilterLabs” qeyd edir ki, Kremlin mediaya və ictimai müzakirələrə daha sərt nəzarət etdiyi Moskvada Putinə münasibət daha müsbət olaraq qalır. Uzaq bölgələrdə, xüsusən də Kremlin Ukraynadakı müharibəyə fəal şəkildə əsgər cəlb etdiyi vilayətlərdə narazılıq daha sürətlə artır.

Vaşinqtondakı NYT-nin anonim mənbələri hesab edir ki, Putinin reputasiyasına vurulan zərərin uzunmüddətli olub-olmadığını söyləmək hələ tezdir. Mənbələr xatırladıblar ki, Priqojinin üsyanı bitdikdən sonra Rusiya prezidentinin populyarlığı tez bir zamanda bərpa edib.

“FilterLabs”ın baş direktoru bununla razılaşıb: “Ukraynanın əks-hücumunun təsirini indi müəyyən etmək çətindir. Amma aydındır ki, bu, Putin üçün şok və ayıbdır. Kremlin təbliğatı, manipulyasiyası və diqqətinin yayındırılması bütün Rusiyada geniş müzakirə olunan bəd xəbərlərin təsirini yalnız qismən azalda bilər”, deyə Teubner bildirib.

Qəzet qeyd edir ki, ötən həftə Putin gözlənilmədən ictimai fəallığını kəskin şəkildə artırıb. O, Azərbaycana səfər edib, bir gündə Rusiyanın üç Qafqaz respublikasına, o cümlədən Çeçenistana səfər edib. Ertəsi gün o, Moskva vilayətindəki Leonid Roşal Klinik Mərkəzinə baş çəkib və nəhayət, videobağlantı vasitəsilə bir neçə görüş keçirib.

NYT tədbirlərin bəzilərinin tələsik həyata keçirildiyini qeyd edib. Məsələn, Kreml 24 saat ərzində “Beslan anaları” ilə görüş təşkil edib.

Poliqon.info