Brend markalar qadağalara görə Rusiyaya avtomobili Azərbaycan üzərindən satırlar? 

“Sanksiyalara baxmayaraq Bakıdakı rəsmi distribütorların Rusiyaya avtomobil satmaları mümkündür. Yəqin ki, satanda avtosalon kimi satmırlar. Adi Azərbaycan vətəndaşı Rusiya vətəndaşına satır. Bu isə sanksiyaya düşmür. İstədiyim əşyanı Rusiya vətəndaşına sata bilərəm. Yəqin ki, belə edirlər. Bu isə sanksiyanın yanından ötüb keçməkdir. Yəni bunun üçün məhdudiyyət yoxdur, ola da bilməz. Hər bir halda rəsmi distribütorlar bu yolla Rusiyaya avtomobil satırlarsa, xərcləri artır. Çünki salon gərək birinci maşını Azərbaycan vətəndaşına satsın, burada vergi ödəsin və s. Sonra da Rusiyaya satsın. Onsuz da hamımız bilirik ki, sanksiyaların yanından ötüb keçirlər. Bu, istənilən ölkələrdə həmişə belə olub. Bəziləri elə bilirlər ki, sanksiya indi yaranıb...”

Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

“Məsələn, XIX əsrin əvvəlində Fransa imperatoru Napoleon Bonapart İngiltərəni kontinental blokadaya almışdı. Çünki o vaxt Napoleon Avropanı, Avstriyanı, Almaniyanı, İtalyanı, Niderlandı kontinental zəbt etmişdi. Hətta həmin dövrdə Rusiyaya qalib gəlmişdi. Rusiyanı məcbur etmişdi ki, İngiltərəni kontinental blokadaya alsın, onlara mal satmasın. Amma İngiltərə bunun yanından ötürdü, Rusiya başda olmaqla bəzi ölkələr də ona kömək edirdi. 1812-ci ildə Napoleon Rusiyaya həmlə edir, əslində hərbi cəhətdən udur, sadəcə qış, qarlı hava ucbatından uduzmağa məhkum olur. Bəs müharibəyə niyə başlamışdı? Deyirdi, “ay Rusiya, sən mənimlə 1807-ci ildə müqavilə bağladın, mən də razılaşdım ki, İngiltərəni kontinental blokadaya alacaqsan, amma almırsan, onlara imkan verirsən”. Yəni həmişə elə ölkələr var ki, buna şərait yaradırlar. Yəqin ki, indi də belə ölkələr mövcuddur. Niyə bizim kimi ölkələrin adı çəkilir? Çünki biz Rusiya ilə qonşuyuq. Eyni zamanda Avropa ölkəsiyik, malları əldə edə bilirik. Bizim dövlət istəsə də belə, bunu məhdudlaşdıra bilməz. Avtosalondur, maşını vətəndaşa satacaq, vətəndaş da Rusiya vətəndaşına. Nə edək? Necə məhdudlaşdıraq?”, - o bildirib.

Poliqon.info