Məşhur aktyoru iti ilə birlikdə basdırmayacaqlar

Alen Delonun ailəsi onun son istəklərindən birini yerinə yetirməkdən imtina edib...

Məşhur fransız aktyoru Alen Delonun ailəsi aktyorun dəfn olunmaq istədiyi iti evtanaziya etməkdən imtina edib.

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Xəbərdə qeyd olunur ki, həftə sonu 88 yaşında vəfat edən fransız aktyoru Alen Delonun ailəsi onun itinin evtanaziya edilməsi və onunla birlikdə basdırılması tələbini rədd edib. CNN bildirir ki, qərar Fransada ictimai qəzəb fonunda qəbul edilib.

Xatırladaq ki, 2018-ci ildə Paris Match jurnalına verdiyi müsahibədə Delon vəsiyyətinə sevimli belçikalı çoban Loubonun onunla birlikdə dəfn edilməsi tələbini daxil etdiyini söyləyib.

“Həyatımda 50 itim olub, amma onunla xüsusi münasibətim var, əgər ondan əvvəl ölsəm, baytardan bizi birlikdə yola salmasını vəsiyyət edəcəm”, deyə aktyor bildirib.

Fransadakı heyvan hüquqları təşkilatlarının tənqid dalğasından sonra Delonun ailəsi aktyorun istəyini yerinə yetirməyəcəklərini bildiriblər. Alman çoban iti Alen Delonun Hersoqluqdakı evində qalacaq.

Qeyd edək ki, Alen Delon avqustun 18-nə keçən gecə dünyasını dəyişib, aktyorun 88 yaşı var idi. KİV-in məlumatına görə, sənətçi avqustun 24-də öz malikanəsində, 35 itin yanında dəfn olunacaq.

Poliqon.info