İran İsrailə qarşı yerdən və havadan koordinasiyalı hücum hazırlayır

İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə qarşı koordinasiyalı havadan zərbə endirə bilər...

Poliqon xəbər verir ki, The Wall Street Journal-ın məlumatına görə, bu barədə İslam Respublikasının BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, maksimum sürprizə nail olmaq üçün İranın cavabının vaxtı, şərtləri və xarakteri diqqətlə hesablanacaq.

"Ola bilsin ki, gözləri göyə və radar ekranlarına yapışıb, amma onlar yerdə və ya bəlkə də hər ikisinin kombinasiyasında ehtiyatsızlıqdan yaxalanacaqlar", deyə bəyanatda qeyd edilir.

Eyni zamanda, daimi nümayəndəlik vurğulayıb ki, Tehran öz hərəkətləri ilə Qəzza zolağında münaqişənin həlli üzrə danışıqları pozmağı planlaşdırmır. Bəyanatda vurğulanır ki, İranın cavabı tərəflər arasında danışıqların gedişatına təsir göstərə biləcək nəticələrin qarşısını almaq üçün yoxlanılacaq.

Yaxın Şərqdə vəziyyətin gərginləşməsi HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrandakı qaldığı iqamətgaha hücumdan sonra başlayıb. Ehtimallara görə, ev İsrail raketi ilə vurulub. Haniyə ölkənin yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İranda olub.

İran və HƏMAS hadisəyə görə İsraili günahlandırır, qisas vəd edir. İsrail də öz növbəsində rəsmi olaraq məsuliyyəti qəbul etməyib.

Avqustun 15-16-da Dohada Qəzza zolağında saxlanılan girovların azad edilməsi və orada atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığın əldə edilməsi məqsədilə məsləhətləşmələrin yeni mərhələsi keçirilib. Məsləhətləşmələrdən sonra Misir, Qətər və ABŞ-ın birgə bəyanatında danışıqların müsbət atmosferdə keçdiyi qeyd edilib. Tərəflər növbəti görüşün bu həftənin sonuna qədər Qahirədə keçirilməsi barədə razılığa gəliblər.

Poliqon.info