Ukrayna ordusu Kurskda olduğu müddətdə Moskva danışıqlar aparmayacaq

Rusiya lideri Vladimir Putin Ukraynaya qarşı başladığı müharibənin son vaxtlar Rusiyanın özündə də davam etdiyini əsas gətirərək, sülh danışıqlarının aparılması ehtimalını istisna edib...

Poliqon xəbər verir ki, bu barədə France Presse Agentliyi məlumat yayıb.

"Dünən Rusiya Ukrayna ilə hər hansı sülh danışıqlarını istisna etdi, baxmayaraq ki, Kiyev Rusiya Federasiyası ərazisindəki hücumda yeni uğurlara imza ataraq Kremlə təzyiqləri artırır", deyə məqalədə qeyd edilib.

Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Ukraynanın Rusiya ərazisini işğalı sülh danışıqlarını daha da geri çəkib: "İndiki mərhələdə bu eskalasiyanı nəzərə alaraq, biz danışmayacağıq".

Uşakov danışıqlar prosesinə girməyi tamamilə yersiz adlandırıb və qeyd edib ki, gələcək danışıqlar döyüş meydanındakı, xüsusən də Kursk vilayətindəki vəziyyətdən asılıdır.

Putin Ukraynanın atəşkəs əldə etmək istədiyi təqdirdə əraziləri tərk etməyi tələb edib.

Bunun əvəzində Kremllə birbaşa danışıqları istisna edən prezident Volodimir Zelenski Rusiya qoşunlarının Krım da daxil olmaqla Ukrayna ərazisindən tamamilə çıxarılmasını, habelə Moskvanın təzminat ödəməsini tələb edir.

"Bu işğal rusları narahat etdi və Kiyevdə bəzilərinin Rusiya Federasiyasındakı əhval-ruhiyyənin Kremlin müharibəsinə qarşı çıxa biləcəyinə ümidlərini artırdı", deyə bildirilir.

Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak isə deyib: "Müharibəyə televiziya şousu kimi baxmağa öyrəşmiş ruslar indi onu yaxından görürlər".

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynanın Kursk bölgəsinə hücumunu yüksək qiymətləndirib, müttəfiqləri və Britaniyanın hazırkı baş naziri Kir Starmeri Ukrayna Silahlı Qüvvələrinə Rusiya Federasiyasındakı hədəflərə qarşı uzaqmənzilli silahlardan istifadə etməyə icazə verməyə çağırıb.

Poliqon.info