Mafiya liderinin oğlunun sosial şəbəkədə paylaşımı Siciliya sakinlərini qəzəbləndirib

İtaliyada məşhur "Cosa Nostra" mafiya başçısının oğlu sosial şəbəkədə Siciliyanın Korleone şəhərini qəzəbləndirən paylaşım edib...

Poliqon xəbər verir ki, bu barədə The Guardian nəşri yazıb.

Avqustun 15-də İtaliyada qeyd olunan Ferraqosto bayramında mafioz Salvatore Toto Riinanın oğullarından biri olan Salvuccio Cüzeppe Salvatore Riina sosial şəbəkələrdəki izləyicilərinə "bayramınız mübarək" diləyib və "via Scorsone 24, Corleone, Italy" ünvanını göstərib.

Uzun illər Riina ailəsi bu ünvanda yaşayıb, lakin 2018-ci ildə küçənin adı anti-mafiya hakimi Çezare Terranovanın şərəfinə Via Terranova olaraq dəyişdirilib. Kriminal aləmin liderləri 1979-cu ildə pusqu quraraq onu aradan götürüblər. Cinayətin təşkilinin arxasında Korleone mafiyasının başçısı Luçano Liqqio dayanıb.

Korleone meri bu addımı qorxaqlıq adlandırıb. O əlavə edib ki, şəhər öz qaranlıq tarixini arxada qoyub və hədə-qorxuya dözüm göstərməyəcək. "Biz buna icazə verməyəcəyik. Biz qaranlıq səhifəni çevirmişik, heç kim bizi geri dönməyə məcbur edə bilməz", deyə şəhər meri bildirib.

Salvuccio Riina daha sonra postu redaktə edib.

Toto Riina 2017-ci ildə vəfat edib. O, ömrünün sonunu həbsxanada keçirib. "Cəhənnəm" ləqəbli mafioz ən azı 150 nəfərin, o cümlədən turşuda əridilmiş 13 yaşlı uşağın qətlində günahkar bilinib. O, həmçinin 1992-ci ildə mafiya əleyhinə hakimlər Covanni Falkone və Paolo Borsellinoni öldürüb.

Poliqon.info