Kolumbiya İsrailə kömür tədarükünü dayandırıb

Kolumbiya prezidenti Qustavo Petro İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlara görə İsrailə kömür tədarükünü dayandıran fərman imzalayıb...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə müvafiq sənəd Cənubi Amerika respublikası hökumətinin saytında dərc olunub.

“İsrailə kömür ixracı qadağandır”, deyə fərmanda bildirilir. Qadağa sənədin dərc edildiyi gündən beş gün sonra qüvvəyə minəcək.

Sərəncamda qeyd olunur ki, 2023-cü ilin yanvar-avqust aylarında Kolumbiya İsrailə 375 milyon dollar dəyərində mal və xammal tədarük edib ki, bunun da əhəmiyyətli hissəsini kömür təşkil edib.

Sənəddə deyilir: “İsrail enerji istehsalı üçün böyük ölçüdə kömürdən asılıdır və əlavə olaraq bu xammaldan hərbi məqsədlər üçün istifadə edir”.

Poliqon.info