Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib

Tanınmış tarixçi, şair, şərqşünas və tərcüməçi Şahin Fazil vəfat edib...

"Report"un Muğan bürosunun məlumatına görə, mərhum professor 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, tarix elmləri doktoru Şahin Fazil oğlu Fərzəliyev 27 mart 1940-ci ildə anadan olub.

1958-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1964-cü ildə fərqlənmə diplomu ilə oranı bitirib. O, 1963–1966-cı illərdə Əfqanıstanda tərcüməçi, 1966–1968-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsində dekan müavini, 1968–1970-ci illərdə yenə Əfqanıstanda tərcüməçi vəzifəsində fəaliyyət göstərib. 1970–1973-cü illərdə EA Tarix İnstitutunun əyani aspiranturasında təhsil alaraq, 1974-cü ildə namizədlik dissertasiyasını müdafiə edib, 1974–1978-ci illərdə bu İnstitutun "Orta əsrlər tarixi" şöbəsində elmi işçi vəzifəsində çalışıb, 1978–1982-ci illərdə Əfqanıstanda üçüncü dəfə tərcüməçi vəzifəsində işləyib, 1983–1985-ci illərdə institutun baş elmi işçisi olub, 1985–1988-ci illərdə yenidən Əfqanıstanda tərcüməçilik fəaliyyətini davam etdirib. Vətənə qayıtdıqdan sonra həmin institutda aparıcı və baş elmi işçi vəzifəsində işini davam etdirib.

200-dən çox çapdan çıxmış elmi əsərlərin müəllifi olub. 2016-cı ildən AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun "Mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiri və Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Əfqanıstanın üç dövlət medalı və SSRİ-nin fəxri fərmanları, AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Poliqon.info