Almaniya ABŞ-dan 5 milyardlıq "Patriot" raketi alacaq

ABŞ Dövlət Departamenti Almaniya hökumətinə MİM-104 "Patriot" zenit-raket kompleksi və 5 milyard ABŞ dolları dəyərində müvafiq avadanlıq üçün PAC-3 MSE raketlərinin potensial satışını təsdiqləmək qərarına gəlib...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Müdafiə və Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyinin press-relizində deyilir.

"Təklif olunan satış Almaniyanın cari və gələcək təhdidlərə qarşı durmaq qabiliyyətini təkmilləşdirəcək və ordusunun müdafiə qabiliyyətini artıracaq. Bu, Almaniyanın milli və ərazi müdafiəsini, eləcə də ABŞ və NATO qüvvələri ilə qarşılıqlı fəaliyyət qabiliyyətini təkmilləşdirmək məqsədinə nail olmağa kömək edəcək. Almaniya bu texnikanı öz silahlı qüvvələrində istifadə etmək üçün qəbul etməkdə çətinlik çəkməyəcək", deyə agentlik qeyd edib.

Sifarişin əsas podratçısı Texas ştatının Dallas şəhərində yerləşən "Lockheed Martin" şirkəti olacaq.

Qeyd olunur ki, "Patriot" üçün 600 raketin alınmasına dair müqavilənin ümumi dəyəri 5 milyard dollardır. ABŞ həmçinin təlim və texniki yardımı da əhatə edəcək.

Almaniya hökuməti hesab edir ki, ABŞ-ın Almaniya ərazisində uzun və orta mənzilli raketlər yerləşdirmək qərarı yalnız Rusiyanın aqressiv davranışının qarşısını almaq məqsədinə xidmət etməlidir və onun bununla bağlı təhdidləri yeni deyil.

Poliqon.info