Almaniyada Bundesverin kazarmalarında içməli su zəhərlənib - Təxribat olub    

Köln-Vandakı Bundesver kazarmaları çox güman ki, təxribata məruz qalıb: oradakı içməli su zəhərlənib...

Poliqon xəbər verir ki, bu barədə Spiegel yazır.

Qeyd edildiyi kimi, Köln-Vandakı Bundesver kazarmaları çərşənbə günü səhər bağlanıb. Bundesverin polisi, hərbi polis və hərbi əks-kəşfiyyat mümkün təxribat əməliyyatını araşdırır. Kran suyu çirklənib və heç bir halda içməli sudan istifadə edilməməsi ilə bağlı xəbərdarlıq da edilib.

Qəzet yazır ki, bunun təxribat məqsədilə icazəsiz giriş ola biləcəyini düşünmək üçün əsaslar var. Hazırda əsgərlərin əraziyə daxil olmasına icazə verilmir.

Bundesver rəhbərliyi fövqəladə hadisəni hələlik şərh etməyib. Bundestaqın Müdafiə Komitəsinin sədri Markus Faber isə bildirib ki, hazırda izah olunmayan faktlar dəqiqləşdirilir.

Köln-Vandakı Bundesver kazarmasında bir neçə komanda idarələri, habelə Bundesverin hərbi və mülki idarələri yerləşir. Kazarma birbaşa Köln hava limanının yanında yerləşdiyindən, federal Müdafiə Nazirliyinin aviasiya bölməsi də buradadır. Ümumilikdə burada 4300 əsgər və 1200 dövlət qulluqçusu çalışır.

Poliqon.info