Toyda arvadına söz deyəni bıçaqlayan şəxslə bağlı qərar ləğv edildi

Ali Məhkəmədə Göygöldə xuliqanlıqda təqsirləndirilən Allahverdi Məmmədovun (şərti) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb...

Poliqon pravda.az-a istinadən bildirir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv olunub və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilib.

İttihama görə, hadisə 27 may 2023-cü il tarixdə, saat 17 radələrində Göygöl rayonu ərazisində yerləşən restoranlardan birinin həyətyanı sahəsində qeydə alınıb.

Belə ki, həmin restoranda keçirilən toy məclisində iştirak edən zərərçəkmiş Maarif Əsədov (şərti) Allahverdi Məmmədovun arvadından söz soruşub. Təqsirləndirilən şəxs isə bunu bəhanə gətirərək Maarif Əsədovla mübahisə edib. Daha sonra Allahverdi bıçaqla qəsdən Maarifin sağ bud nahiyəsinə bir dəfə zərbə vuraraq, ona xəsarət yetirib.

Hadisədən sonra Allahverdi Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

Göygöl Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin (CM) 221.3-cü maddəsinin əlamətləri olmadığından onun əməlinin həmin məcəllənin 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilib. Hökmə əsasən, Allahverdi Məmmədovun cinayət işi üzrə cinayət təqibinə xitam verilib, cinayət məsuliyyətindən azad edilib, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib, protest isə təmin olunub, Göygöl Rayon Məhkəməsinin çıxardığı hökm ləğv edilib. Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib. Allahverdi Məmmədov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında dərhal həbsə alınıb.

Poliqon.info