HƏMAS avqustun 15-də Qəzza danışıqlarında iştirakdan imtina edib

Fələstinin HƏMAS hərəkatı öz nümayəndələrini Qəzza zolağında atəşkəslə bağlı danışıqlara göndərməyəcək...

Poliqon xəbər verir ki, bu barədə Sky News telekanalı məlumat yayıb. Yaraqlılar hesab edirlər ki, İsrail hakimiyyəti müharibəni bitirməkdə maraqlı deyil.

Qeyd edək ki, vasitəçilərin iştirakı ilə məsləhətləşmələrin avqustun 15-də Doha və ya Qahirədə keçirilməsi planlaşdırılırdı.

HƏMAS-ın Livandakı nümayəndəsi Əhməd Əbdül Hadi bildirib ki, hərəkat bütövlükdə danışıqlara və razılaşmaya qarşı deyil, problem İsrailin baş naziri Benyamin Netanyahunun mövqeyindədir.

“Netanyahu danışıqlardan qaçır və müharibəni uzatmaq, hətta onu regional miqyasda genişləndirmək istəyir və buna görə də təcavüzünü davam etdirmək üçün danışıqlardan pərdə kimi istifadə edir”, deyə Əhməd Əbdül Hadi Sky News-a bildirib.

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre brifinqdə bildirib ki, ABŞ danışıqlarda HƏMAS nümayəndələrinin iştirakına ümid edir.

İsrail və HƏMAS arasında girovların azad edilməsi müqabilində Qəzza zolağında atəşkəs əldə edilməsinə dair danışıqlar bir aydan çox fasilədən sonra 2024-cü ilin iyulunda bərpa edilib. Bununla belə, danışıqların bütün raundları razılaşma olmadan başa çatıb. Avqustun 9-da Benyamin Netanyahunun ofisi İsrail nümayəndə heyətinin avqustun 15-də sülh danışıqlarına qatılacağını açıqlamışdı.

Poliqon.info