5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya birgə bəyanat yayaraq, İranı İsrailə qarşı təhdidlərdən əl çəkməyə çağırıb...

Poliqon teleqraf.com-a istinadən bildirir ki, məsələ beş ölkənin liderləri səviyyəsində müzakirə olunub.

"Biz - ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya liderləri Yaxın Şərqdəki durumu müzakirə etdik. Qəzzada atəşkəsin təmin edilməsi və girovların azad olunmasına tam dəstəyimizi yenilədik. Biz Prezident Bayden, Misir Prezidenti Sisi və Qətər Şeyxi Əmir Təmimin mümkün qədər tez razılaşma əldə etmək məqsədilə bu həftənin sonunda danışıqları bərpa etmək barədə birgə çağırışını dəstəklədik və daha çox vaxt itirməyin mümkün olmadığını vurğuladıq. Bütün tərəflər üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir", - ölkələrin birgə bəyanatında deyilir.

Bundan əlavə, liderləri qeyd edirlər ki, Qəzzaya yardımın maneəsiz çatdırılması təmin olunmalıdır.

"İranın təcavüzü və onun dəstəklədiyi terrorçu qruplaşmaların hücumlarına qarşı İsrailin müdafiəsinə dəstəyimizi ifadə etdik. İranı İsrailə qarşı davamlı hərbi hücum təhdidlərindən əl çəkməyə çağırırıq və belə bir hücumun regional təhlükəsizlik üçün ciddi nəticələri barədə fikir mübadiləsi apardıq", - bəyanatda vurğulanır.

Poliqon.info