Əsas budur ki, DGK sədri Şahin Bağırovun niyyəti sistemi tam şəffaflaşdırmaqdır... 

“Şahin Bağırov çox maraqlı fikir səsləndirdi. Yəqin ki, hörmətli Dövlət Gömrük Komitəsinin sədri məlumatlı olduqca, hadisələri müəyyənləşdirdikcə qarşısını alır, cəza tədbirləri, sanksiyalar tətbiq edir. Rüşvət alanları işdən uzaqlaşdırır, zəruri inzibati, qanunauyğun tədbirlər həyata keçirir. Böyük ehtimalla, Şahin Bağırovun səmimi etirafı buna yönəlib ki, o, rüşvətin kökünün kəsilməsi istiqamətində fəaliyyət göstərir. Amma tam olaraq da əmin deyil ki, prosesin kökü kəsilib, ya yox”.

Bu sözləri Pravda.az-a iqtisadçı-ekspert Xalid Kərimli Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun Baku TV-nin "Rəsmi cavab" verilişində müsahibəsi zamanı “gömrükdə rüşvətin kökü hələ kəsilməyib” açıqlamasına münasibət bildirərkən deyib.

Ekspert xatırladıb ki, zaman-zaman DGK-da baş verən tədbirlər, cinayət məsuliyyətinə cəlbetmə barədə məlumatlar yayılır: “Əsas budur ki, sədrin niyyəti sistemi tam şəffaflaşdırmaq istiqamətindədir. Bu təqdirəlayiqdir. İnsan problemi bilir və problemi həll etməli olduğunu da başa düşür, bunu vəzifə məsuliyyəti kimi dərk edir. Rüşvət, korrupsiya təkcə rəhbər işçiləri ilə əlaqəli məsələ deyil. Bu məsələlər həm də cəmiyyətin qanununa işləyir. Ümumiyyətlə, dövlət strukturlarında işləmək arzusu, həvəsi məhz rüşvətdən, korrupsiyadan gen-bol istifadə ilə əlaqədardır. Yəni dövlətə işə düzəlmək istəyənlər dövlətin verdiyi maaşı yox, onlara verilmiş inzibati resurslardan şəxsi maraqlarına uyğun istifadə məqsədi də güdürlər. Bu, insanlarla əlaqəli məsələdir. Vətəndaşımız təkmilləşdikcə, rüşvətin cəmiyyətə gətirdiyi dağıdıcı problemləri, ədalətsizliyi başa düşdükcə problemlər həll olunmuş olacaq. Amma rəhbərlərin də bu istiqamətdə işlərini planlaşdırmaları yaxşı haldır. Ciddi mübarizə aparırlar. Azərbaycan hələ də şəffaflıq məsələsinə görə dünyada ən pis mövqelərdə durur. 30 ildir, beynəlxalq indekslərdə Azərbaycan şəffaflığa görə ən pis mövqeyi əlində saxlayıb. "Liderliyi" heç kimə buraxmır. XX əsrin 70-90-cı illərində də “rüşvət, korrupsiya ilə ciddi sürətdə mübarizə aparılmalıdır” kimi müzakirələr olub. Amma görünən budur ki, mübarizlər ya sistemli, ya da o qədər effektli deyil...”

Poliqon.info