Moldova Ukrayna üçün F-16-ları qəbul etməyəcək

Moldova Xarici İşlər Nazirliyi respublika ərazisində Ukrayna Silahlı Qüvvələri (AFU) üçün nəzərdə tutulan F-16 qırıcılarının yerləşdirilməsi ilə bağlı məlumatı təkzib edib...

Poliqon xəbər veruir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi özünün "Telegram" kanalında yazıb.

Moldova ərazisində Ukrayna üçün F-16 qırıcılarının yerləşdirilməsi xəbəri ilə əlaqədar respublikanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Lakin Moldova Xarici İşlər Nazirliyi bunu təkzib edib. Moldova XİN aydınlaşdırıb ki, Ukrayna ordusu üçün Moldova ərazisinə qırıcı təyyarələr yerləşdirməsi barədə məlumat Telegram kanallarında və sosial şəbəkələrdə yayılan yalan xəbərdir:

"Moldova silah və hərbi texnika, o cümlədən Ukrayna üçün nəzərdə tutulan təyyarələri qəbul etmir və qəbul etməyəcək. Təəssüf ki, Rusiya Xarici İşlər Nazirliyi onlayn mühitdən saxta xəbərlərlə məlumatlandırılır. Moldova Respublikası neytral dövlətdir və onun qurumları neytrallıq prinsipinə hörmət etməyə davam edəcək".

Bu kontekstdə nazirlik xatırladır ki, Moldova Respublikası ərazisində hakimiyyət orqanlarının razılığı olmadan qanunsuz olaraq qoşun və sursat saxlayan yeganə ölkə Rusiya Federasiyasıdır.

Poliqon.info