Tramp qalib gəlsə, İlon Mask Ağ Evdə işləyə bilər

Amerikalı milyarder İlon Mask Donald Trampın 2024-cü ilin noyabrında ABŞ prezidenti seçiləcəyi təqdirdə onun administrasiyasında işlərə cəlb oluna bilər...

Poliqon xəbər verir ki, bu, Trampın X platformasında Maskla müsahibəsi zamanı müzakirə edilib.

Söhbət zamanı İlon Mask Trampın Ağ Evə qayıdacağı təqdirdə administrasiyadakı vəzifələrdən birinə namizədliyini irəli sürüb. Milyarderin fikrincə, bu, dövlət xərclərini cilovlamağa kömək edə bilər.

"Düşünürəm ki, bu işlərə baxmaq və zəhmətlə qazanılan vergi ödəyicilərinin pullarının düzgün xərclənməsinə əmin olmaq üçün sadəcə dövlətin səmərəlilik komissiyasının olması çox gözəl olardı. Mən kömək etməkdən məmnun olaram", deyə Mask bildirib.

Eyni zamanda, Tramp bildirib ki, Maskın onun komandasında yer alması "yaxşı olar". Onun "böyük iqtisadçı" olduğunu vurğulayan prezidentliyə namizəd şirkətlərində gördüyü xərcləri azaltma tədbirlərindən danışıb.

Qeyd edək ki, müsahibə zamanı Donald Tramp Co Baydeni Ukraynanın işğalına səbəb olmaqda ittiham edib. Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətləri olub və onu Ukraynaya hücumdan çəkindirib.

"Bayden belə axmaq şeylər danışmağa başladı. Məsələn, o, Ukraynanın NATO üzvü ola biləcəyini, lakin Rusiya Federasiyasının buna heç vaxt razı olmayacağını söylədi. Mən prezident olsam, müharibənin başlama şansı sıfır idi", deyə Tramp vurğulayıb.

Poliqon.info