Paris-2024: Fəxri kürsüyə qalxan, amma medal almayanlar

Paris-2024 Yay Olimpiya Oyunlarının bəzi mükafatçıları medalsız qalıblar...

İdman.biz xəbər verir ki, bu, kişi voleybolçuların yarışında baş verib.

Fransa yığmasının heyətində olimpiya çempionu olan Timote Karleyə mükafat verilməyib. O, fəxri kürsüdə çempionluğu bayram etsə də, medalsız qalıb.

Buna səbəb yarışların qaydasıdır. Məsələ ondadır ki, hər yığma Olimpiadaya 12 voleybolçu və 1 ehtiyat oyunçu sifariş edir. Həmin 13-cü voleybolçu medal alması üçün heç olmasa bir dəfə meydana çıxmalıdır. Fransanın baş məşqçisi Andrea Cani Olimpiada ərzində Karleyə bir saniyə də şans verməyib. Bu üzdən ona medal düşməyib. Mükafatlandırma zamanı medalsız sevinən Karlenin komanda yoldaşı Trevor Kleveno öz mükafatını onun boynundan asıb.

O, Olimpiadanın yeganə medalsız mükafatçısı olmayıb. ABŞ yığmasının ehtiyat oyunçusu Kayl Ensinq də bürünc medal almaq üçün lazım olan şansı qazanmayıb.

Poliqon.info 

Qeyd edək ki, Paris-2024-də Fransa qızıl, Polşa gümüş, ABŞ bürünc mükafatçı olub.