Milli Məclisə seçkilərdə "exit-poll" keçirmək üçün iki təşkilat qeydə alınıb

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə “exit poll” keçirmək niyyətində olan qurumların müraciətlərinə baxılıb...

Poliqon xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, MSK uzun illərdir seçkilərdə bu təşkilatlara “exit poll” üçün şərait yaradır.

R.Qasımov bildirib ki, MSK-ya müraciət edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) təşkilatı ilə, "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birlikdə seçkilərdə “exit poll” keçirmək niyyətindədirlər:

“Bu təşkilatlar 119 seçki dairəsinin 875 seçki məntəqəsində exit poll” keçirmək üçün müraciət edib. Onların müraciətində və sənədlərində heç bir uyğunsuzluq, hüquq pozuntusu aşkarlanmayıb. Beləliklə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqası və onun amerikalı tərəfdaşı olan quruma “exit poll” üçün şərait yaradılması qanunauyğun hesab edilib”.

Qərar səsverməyə qoyularaq, qəbul edilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlər səsvermə gününə ən azı 20 gün qalanadək qəbul edilir.

“Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda bu müddət 2024-cü il avqustun 12-dək nəzərdə tutulmuşdu.

Poliqon.info