Fransa, Almaniya və Britaniyadan birgə bəyanat

Fransa, Almaniya və Böyük Britaniya Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayaraq, İran və müttəfiqlərini "regional gərginliyi daha da artıracaq və atəşkəs və girovların azad edilməsi ilə bağlı razılıq əldə etmək imkanını təhlükə altına salacaq hücumlardan çəkinməyə" çağırıb...

Poliqon APA-ya istinadən bildirir ki, birgə bəyanatda Avropa liderləri Qətər, Misir və ABŞ-ın atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşma istiqamətində bu ölkələrin fəaliyyətini təqdir ediblər.

"Biz Şeyx Təmim bin Həməd əl Tani, prezident Sisi və prezident Baydenin danışıqların dərhal bərpasına çağıran birgə bəyanatını dəstəkləyirik. Bununla bağlı əlavə gecikmənin olmamasını dəstəkləyirik. Biz gərginliyin qarşısını almaq üçün bütün tərəflərlə işləyirik və gərginliyi azaltmaq və sabitliyə aparan yol tapmaq üçün səylərimizi əsirgəməyəcəyik. Döyüşlər indi başa çatmalı və HAMAS tərəfindən hələ də saxlanılan bütün girovlar azad edilməlidir. Qəzza xalqının təcili və maneəsiz yardıma ehtiyacı var", - bəyanatda deyilir.

Almaniya, Fransa və Böyük Britaniya liderləri artan gərginlikdən dərin narahatlıq ifadə edərək, gərginliyin azaldılması və regional sabitliyin əldə olunmasında həmrəy olduqlarını ifadə ediblər. "Biz İranı və onun müttəfiqlərini regional gərginliyi daha da artıracaq və atəşkəs və girovların azad edilməsi ilə bağlı razılıq əldə etmək imkanını təhlükə altına salacaq hücumlardan çəkinməyə çağırırıq. Onlar sülh və sabitlik üçün bu fürsəti təhlükə altına qoyan hərəkətlərə görə məsuliyyət daşıyacaqlar. Yaxın Şərqdəki vəziyyətin daha da gərginləşməsindən heç bir ölkə faydalanmır", - birgə bəyanatda vurğulanıb.

Poliqon.info